"Qaçqınkom"un "unutduğu" 70 ailə: "Artıq taqətimiz qalmayıb"

Mingəçevirdə dənizin kənarı keçmiş turist bazasında 1993-cü ildən məskunlaşan Kəlbəcər, Ağdam, Laçın rayonlarından olan 70 ailə Yeniavaz.com saytına müraciət edərək düşdükləri durumla bağl kömək istəyiblər. Ağdam rayonunun Mərzili kəndindən didərgin düşmüş Elxan Qurbanov deyir ki, iki gün bundan öncə 2 metrə yaxın gürzə ilan onu çalmaq istəyib: "Elə bildim ilanı şaxta vurub donub, heç məhəl vermədim, bir onda gördüm ki, ilan qıvrılaraq üstümə tulanmaq istəyir. Tez uşaqları köməyə çağırdım, səsimdən ilan qaçıb gizlənib. Havalar isindikcə canımıza vəlvələ düşür. 26 il ailəni burada saxlamışıq. Artıq taqətimiz qalmayıb. Yaşadığımız bu qorxunc yerdə bir tərəfdən ilanların qorxusu, bir tərəfdən də nə suyumuz var, nə kanalizasiya sistemi, nə də qaz".

Laçın rayonundan olan Rəşid Rəfayılov deyir ki, 26 ildə müraciət etmədikləri yer qalmayıb: "Qaçkınkom"un yadından çıxmışıq. Dəfələrlə məktubla, ərizə ilə şikayət etmişik. Bir-iki dəfə gəlib yaşadığımız əraziyə baş çəkib deyiblər ki, bu cür səfalı yerdə yaşayırsız. Gəlsinlər yarım saat bu səfalı yerdə yaşasınlar. Əgər yaşaya bilsələr, daha bizim heç bir sözümüz yoxdur. Həftədə bir dəfə uşağı xəstəxanaya aparırıq. Burada yaşamaq bizə zülüm verdi. Belə şəraitdə yaşamaqdan bezmişik, torpaqlarımızı istəyirik. Heç bir qurum bizim yaşayış şəraitimizlə maraqlanmır. Yaşadığımız evlər taxtadandır, əgər elektriklərdə bir az nasazlıq olsa, bir dəqiqənin içərisində bütün evləri alov alar. 2012-ci ildə 12 ailənin evi yandı. Evdən heç bir çöp də çıxara bilmədilər".

Qeyd edək ki, ərazidə həm də antisanitar şərait hökm sürür.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top