Dünya balıq ovu turizmindən milyonlar qazanır, bizdə isə...

Bir vaxtlar Azərbaycanda balıq ovu ilə məşğul olanların sayı indikindən qat-qat çox olub. İndi insanlar ya vaxt azlığından, ya yer olmaması səbəbindən balıq ovundan bir qədər uzaqlaşıblar. Buna baxmayaraq, istər Bakıda, istər regionlarda balıq ovuna maraq göstərən, balıq ovundan xüsusi zövq alan insanlar hələ də var.

Dünyada isə balıqçılıq turizmi deyilən bir trend formalaşıb ki, bu da ölkələrə hər il milyonlar qazandırır. Bəs Azərbaycanda balıqçılıq turizminin inkişafı niyə diqqətdən kənarda qalır? Axı Azərbaycanda bunun üçün təbii imkanlar və şərait var.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Yeniavaz.com saytına açıqlamasında dedi ki, Azərbaycanda balıqçılıq turizminin inkişafı üçün təbii imkanlar var, ancaq infrastruktur aşağı səviyyədədir: "Balıqçılıq turizminə maraq göstərənlər həm daxildə, həm də xaricdə həmişə çox olub. Lakin bir məsələ var ki, bunu həyata keçirmək üçün infrastrukturunu hazırlamaq lazımdır. Bizdə Xəzər dənizində, Kür çayında və digər məkanlarda balıqçılığı inkişaf etdirmək olar. Eyni zamanda xarici qonaqları da bura dəvət etmək mümkündür. Bunun üçün şərait yaratmaq, təbliğ-təşviq etmək, xarici bazara çıxarmaq lazımdır".

"Azərbaycanda harada balıqçılıq turizmini inkişaf etdirmək olar?" sualımıza Müzəffər Ağakərimovun cavabı belə oldu: "Xəzər dənizində, Kür çayında, göllərdə şərait yaratmaq olar. Həm Lənkəran bölgəsində, həm Mingəçevirdə, həm də digər yerlərdə şərait var, Azərbaycan elə təbiətə, elə coğrafi mövqeyə malikdir ki, istədiyin turizm növünü inkişaf etdirmək mümkündür".

Müşavir bu fikirdədir ki, turizm sahəsində Azərbaycanın potensialının hələ heç 25 faiz istifadə olunmayıb: "Azərbaycanda olan coğrafi-təbii mövqe turizmin ilboyu bütün növlərini inkişaf etdirməyə imkan verir. Dağ turizmi, balıqçılıq, ov turizmi, hətta ekstremal turizm, velosipet turizmi və digər növləri inkişaf etdirmək olar. Bunun üçün bütün şərait var. Amma dediyim kimi, şərait yaradılmalıdır - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi birgə bu istiqamətdə çalışmalıdırlar. İndiki halda əlbəttə, turistlər gəlirlər, amma bu özfəaliyyət dərnəyinə oxşayır. İnfrastruktur olarsa, balıq ovu da qanuni şəraitdə olar və ölkənin büdcəsinə vergi ödənər. Çünki balıq tutmağın özünün də qayda-qanunları var. Xarici ölkələrdə necə, bizdə də elə, həmin prinsiplərlə həyata keçirilməlidir. Turizm sahəsində təhlükəsizlik qaydalarına riayət edilməlidir. Bütün şərait yaradılsın və istəyən adam da balıq tutsun. Balıq ovu dincəlməkdir, balıq ovu istirahətdir, balıq ovu turizmdir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top