Rubl sürətlə ucuzlaşır: Manatı nə gözləyir?

Rusiyanın milli valyutası - rubl son günlər ABŞ dolları qarşısında sürətlə ucuzlaşmağa başlayıb. Yeniavaz.com xəbər verir ki, rublun dollar qarşısında dəyərdən düşməsi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sonuncu sanksiya qərarından sonra baş verib.

Qeyd edək ki, ABŞ ötən həftə Rusiyalı oliqarxlara qarşı növbəti sanksiya tətbiq edib. Verilən məlumatlara görə, bu qərardan sonra aralarında Azərbaycan əsilli iş adamı, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovun da olduğu onlarla iş adamına məxsus səhimlər dəyərdən düşüb. Rusiyalı oliqarxların son bir-neçə gün ərzində 15 milyard dollardan çox zərərə düşdüyü bildirilir.

Baş verənlər öz təsirini rubla da göstərib və son 2 gün ərzində rubl dollar qarşısında 8% dəyərdən düşüb. Bugünə olan məlumatlara görə, Rusiya bankları 1 dolları 64 rubldan baha satılır.

Bəs görəsən, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada rublun dəyərdən düşməsi manata necə təsir edəcək?

"Hazırda manatı "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir"

Rublun ucuzlaşmasının manata olan mümkün təsirləri barədə iqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir: "Fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır. Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var".

Ekspert qeyd edib ki, indi hamını bir sual düşündürür: "Manatı nə gözləyir? Əlbəttə məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil. Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökummət 2015-ci il ssenarisini təkarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətini keçidi elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatı "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu qarşıda çətinliklər gözləyir".

Rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır

Manatın ucuzlaşma ehtimalını dəyərləndirən digər bir iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirir ki, Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir: " Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub. Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar ( əvvəlki ayla müqayisədə artım: 21.7%), martda isə 647 milyon dolları (əvvəlki ayla müqayisədə artım: 77.7%) satılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdırsa bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib. Xarici valyutaya tələbin artması valyuta dəyişmə məntəqələrində də milli valyutanın kursunu cüzi olsa da azalmasına səbəb olub. Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdırlsarsa indu alış məzənnəsi 1.7025-dək dəyişib. Bu arada Rusiya və Türkiyədə milli valyutaların məzənnələri də psixoloji həddən aşağı düşüb. Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır. Proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracıtımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə idxalın artması fonunda dollara tələbin növbəti aylarda da artacağı gözlənilir. Azərbaycanda dollara tələbin artması və eləcə də qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Neft bumu dövründə inzibati metod ilə 0.78 məzənnəsi qrorumaq nə qədər məqsədə uyğun deyildisə indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı".

DİGƏR XƏBƏRLƏR

Top