
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 min 387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 milyon 911 min 472 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23 min 331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10 min 500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.
Tətbiqimizi yükləyə bilərsiniz