Bu il Azərbaycanda 2 min kilometr yeni yol salınacaq

Bu il Azərbaycanda 2 min kilometr uzunluğunda yeni yol - həm magistral, həm şəhərlərarası, həm də kənd yolları salınacaq. Onlardan biri Sumqayıt-Rusiya sərhədi yoludur. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Onun sözlərinə görə, yeni yol, mövcud yola paralel olacaq və bölgənin inkişafı üçün şərait yaradacaq: "O, bölgənin turizm potensialı çox gözəldir. Orada sahilboyu turizm obyektləri yaradıla bilər. Altı yüzdən çox kənd yolu salınacaq. Beləliklə, 2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq".

İ.Əliyev vurğulayıb ki, Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır: "Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq. Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Bu da tıxacların aradan qaldırılması üçün çox önəmlidir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli layihədir. Biz Böyükşor gölünün bir hissəsini təmizlədik. İndi qalan hissənin təmizlənməsi nəzərdə tutulur. Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulub. Bu, şəhər üçün çox rahat nəqliyyat vasitəsi, Bakıətrafı qəsəbələrin inkişafı və orada yaşayan insanların rahatlığı üçün çox önəmli layihə olacaq. Metro tikintisi müəyyən fasilədən sonra indi bərpa edilib.

"Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə baxmalıyıq. Avtobusların alınması nəzərdə tutulur, dayanacaqlar, işıqforlar, metro, şəhərətrafı dəmir yolu, taksi dayanacaqları. Yəni, Bakı şəhərinin nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır ki, paytaxt nəqliyyatı dünyanın aparıcı şəhərlərinin səviyyəsində olsun. Biz indi metro vaqonları, avtobuslar, taksilər alırıq. Ancaq koordinasiya zəifdir. Ona görə bu məsələyə mütləq çox ciddi diqqət göstərilməlidir", - deyə o bildirib. Report

DİGƏR XƏBƏRLƏR

Top