Ölən süpürgəçinin qızları üçün ev tikintisinə başlanıldı

Avtomobil yolunu süpürərkən vurulan və hadisə yerində ölən süpürgəçi Cəmilə Salahovanın qızlarına ev tikilməsi üçün torpaq sahəsi ayrılıb.

Bu barədə Yeniavaz.com saytına qızların dayısı Bəhlul Salahov məlumat verib. Onun sözlərinə görə, ev tikilməsinə hazırlıq məqsədi ilə ayrılan torpaq sahəsində texnika işləyir.

Bəhlul Salahov deyib ki, mərhum süpürgəçinin yetim qalan qızlarının bacısı Tünzalə Salahovanın qəyyumluğuna verilməsi üçün sənədlər yığılır: "Qəyyumluq haqqında arayışları toplayırıq. Hazırda bu işlə məşğuluq. Qızların oxuduqları məktəbin yaxınlığında onlar üçün kirayə ev də tapıblar. Sabah inşallah, o evə də baxmalıyıq. Evin məktəbin yanında olması yaxşıdır ki, uşaqlar rahat gedib-gələ bilsinlər. İcra Hakimiyyəti bacımın işlədiyi JEK-in müdiriyyətinə tapşırıq verib, evi onlar axtarıb tapıblar. Ev 2 otaqlıdır".

Bəhlul Salahovun dediyinə görə, qızlara ev tikilməsi üçün ayrılan torpaq sahəsi 2,5 sotdur: "Torpaq sahəsi metronun Koroğlu stansiyasından üzü "Razin"ə tərəf gedəndə "Ellada" restoranının yaxınlığında, həyət evlərinin arasındadır. Dünən JEK-in müdiri Eldar müəllim ora daş daşıtdırırdı, texnika işləyirdi. Qızların ev məsələsini həll edirlər. Ev 1 mərtəbəli, 2 otaqlı olacaq, mətbəx, hamam, ayaqyolu da öz yerində. İcra Hakimiyyətinin başçısı Adil müəllim tapşırıb ki, 3 ay müddətinə bu ev tikilib təhvil verilməlidir".

B. Salahovun dediyinə görə, bu dərs ilinin sonunadək qızlar indi oxuduqları məktəbdə təhsillərini davam etdirəcəklər: "Bu dərs ilini başa vursunlar daha sonra tikilməkdə olan evin yaxınlığında məktəb var, ora gətirməli olacağıq. Çünki ora uşaqların indi oxuduqları məktəbə xeyli uzaqdır. Onda gərək bacım hər gün onları aparıb məktəbə qoya, sonra gedib avtobusla evə gətirə. Ona görə məktəbi gələcəkdə dəyişdirəcəyik, dəyişməsək, mümkün deyil".

Nicat

supurgeci

DİGƏR XƏBƏRLƏR

Top