Vaxtında qaytarılmayan kreditlər 144 milyon manat artıb

Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 11 milyard 561,1 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 27,2% və ya 4 milyard 317,5 milyon manat azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin mart ayının əvvəlinə problemli kreditlərin həcmi 144,5 milyon manat və ya 9,3% artaraq 1 milyard 700,9 milyon manata yüksəlib.

Son bir ay ərzində - bu ilin fevral ayında problemli kreditlərin həcmi 5 milyon manat artıb.

Qeyd edək ki, ötən ilin mart ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 9,8% paya malik olsa da, bu ilin martın 1-də 14,7%-ə yüksəlib.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 7,3 milyon manatlıq kreditlərin 807,7 milyon manatı, xarici valyutada verilən 4 milyard 553,8 milyon manatlıq kreditlərin isə 893,2 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top