Kitab yazan müğənni təkcə Elza Seyidcahan deyilmiş - SİYAHI

Xəbər verdiyimiz kimi, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın kitabı çap olunub. Müğənninin "Mən dəlinin rəssamı" adlı kitabında müxtəlif vaxtlarda yazdığı şeirlər yer alıb. Elza Seyidcahanın kitabının çap olunması xəbəri onun bəzi ifaları kimi birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə bu kitabı "söz yığını" adlandıranlar da olub. Lakin müğənni Yeniavaz.com saytına açıqlamasında çox dəyərli bir kitab ərsəyə gətirdiyini, son 10 ildə Azərbaycanda bu dizaynda kitabın nəşr olunmadığını bildirib.

Maraqlıdır ki, Azərbaycanda kitab yazan müğənni təkcə Elza Seyidcahan deyilmiş. Hətta xalq artisti Firəngiz Mütəllibova da kitab yazdığını açıqlayıb.

Qeyd edək ki, dünya şöhrətli müğənnilər arasında da kitab yazanlar var. Onların bəzilərinin kitabı satış rekordu qırıb. Yeniavaz.com saytı kitab yazan yerli və xarici müğənnilərlə bağlı məlumatları təqdim edir.

Tanınmış müğənni Roza Zərgərli kitab yazıb. Müğənni "Azərkitab" kitab-mərkəzində "Sibir çiçəyi" adlı kitabının imza gününü də keçirib. Tədbirdə Azərbaycanın nüfuzlu incəsənət xadimləri, eləcə də, Karaçay-Çərkəz Respublikasının xalq şairi, Rusiya "Lermontov" komitəsinin həmsədri Askar Doduyev və Müasir Humanitar İnstitutunun direktoru Aliy Atabiyev iştirak ediblər.

Müğənni müəllifi olduğu kitabın müxtəlif dillərdə çap olunacağını bildirib. Roza Zərgərli "Leyli və Məcnun" adlı yeni roman yazdığını da söyləyib.

Müğənni Nura da kitab yazır. Lakin müğənni kitabın mövzusu barədə açıqlama verməyib. Nura gələcəkdə ssenarilər yazacağını da deyib.

Məşhur türk müğənni Teoman da kitab yazır. O, qeyd edib ki, özünün həyat hekayəsini yazır: "Avtobioqrafiq kitab yazıram. Xatirələrimdən ibarət bir kitabdır".

Türkiyəli müğənni Deniz Sekinin cəza evində qələmə aldığı kitab işıq üzü görüb. O, kitabında həbsxanada yaşadığı sıxıntılarını, hisslərini qələmə alıb. Dəniz Sekinin yazdığı kitab Türkiyədə satış rekordu qırıb.

Tanınmış rusiyalı müğənni Alla Puqaçova kitab yazdığını açıqlayıb. Kitab onun yazdığı memuarlardan ibarət olacaq.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva sağlığında mətbuata açıqlamasında memuar yazdığını bildirmişdi. O, kitabında şəxsi həyatının indiyə qədər heç kəsə məlum olmayan məqamlarına toxunacağını demişdi. Müğənni həyatında baş verən bütün maraqlı hadisələri pərəstişkarları ilə bölüşmək niyyətində idi. Lakin müğənni vəfat edəndən sonra həmin memurarların aqibəti bəlli deyil.

Xalq artisti Azər Zeynalov müğənnilər üçün kitab yazıb. "Vokal ifaçılığı" adlı kitab Təhsil Nazirliyinin müvafiq əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilib.

Xalq artisti, Akademik Milli Dram Teatrının tanınmış aktrisası Firəngiz Mütəllimova da kitab yazır. Kitab aktrisanın anadan olduğu Şuşa şəhəri haqdadır. Kitabda onun Şuşada keçirdiyi uşaqlıq, yeniyetməlik dövrləri, şahid olduğu maraqlı hadisələr, əhvalatlar əksini tapacaq: "Bu xatirələri neçə illərdir beynimdə, düşüncəmdə gəzdirirəm. Çünki Şuşa hər gün xəyalımdadır, yadıma düşür. Qərara aldım ki, nəhayət, onları qələmə alım. Amma kitabda, həmçinin mənim gənclik illərim, Bakıya gəlişim, sənətdə ilk addımlarım da öz əksini tapacaq".

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top