Xaricə ən çox hansı məhsulları satmışıq? - SİYAHI

Bu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon dollar təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb. Cari ilin ilk 2 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiyaya ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (24,4 milyon dollar). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon dollar), üçüncü yeri isə xurma (19 milyon dollar) tutub. Həmçinin yanvar-fevral aylarında xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin ixracı 18,5 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 15,4 milyon, tomatın (pomidor) ixracı 14,7 milyon, pambıq lifi (daranmaya məruz qalmamış) ixracı 9,9 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 7,4 milyon, almanın ixracı 6,4 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağlarının ixracı 6,1 milyon, emal olunan alüminium ərintilərinin ixracı 6 milyon dolları təşkil edib.

Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6,6 milyon dollar olub.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 milyon dollar təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib (42,3 milyon dollar). Sonrakı yerlərdə isə Rusiya (31 milyon dollar), İsveçrə (7,8 milyon dollar), Gürcüstan (6,2 milyon dollar) və Belçika (4,1 milyon dollar) qərarlaşıb. 2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib (17,7 milyon dollar). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 milyon dollar), üçüncü yeri isə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda -19 milyon dollar) tutulub. Cari ilin fevral ayında tomatın ixracı 6,8 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 6,3 milyon, xurmanın ixracı 5,6 milyon, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələrin ixracı 4,1 milyon, emal olunmamış aşqarlanan alüminiumun ixracı 3,9 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 3,7 milyon, pambıq lifinin (daranmaya məruz qalmamış) ixracı 3,4 milyon, almanın ixracı 3,2 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağların ixracı 3,1 milyon olub.

DİGƏR XƏBƏRLƏR

Top