Maşın bazarında QİYMƏTLƏR DƏYİŞİR

Azərbaycanda satışa çıxarılan avtomobillərin 80 faizdən çoxu benzin mühərrikli avtomobillərdir. Bu barədə Yeniavaz.com saytına "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib. Maşın bazarında qiymətlərin ucuzlaşdığını bildirən ekspertin sözlərinə görə, prosesin davam edəcəyi gözlənilir.

Ekspert bildirib ki, hazırki dövr avtomobil üçün ən uyğun dövrdür: "Maşın bazarında qiymətlərin hələki yenidən bahalaşması gözlənilmir. Çünki ötən ilin sonunda, bu ilin əvvəlində kifayət qədər bahalaşma oldu. Ona görə bundan sonra bahalaşma ehtimalının olma ehtimalı demək olar yox səviyyəsindədir. Bu ilin sonunadək maşın bazarında qiymətlərin bahalaşması üçün şərt yoxdur".

Son vaxtlar maşın bazarında müşahidə edilən ucuzlaşmaya gəlincə, ekspert hesab edir ki, ucuzlaşma davam edəcək: "Hesab edirəm ki, qiymətlər bir az da ucuzlaşacaq. Amma kəskin ucuzlaşma olması gözlənilmir. Mən deyərdim ki, maşın almaq istəyənlər üçün indiki dövr ən yaxşı vaxtdır".

Qeyd edək ki, bu il yanvarın 1-dən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun artması avtomobil bazarında qiymətlərin kəskin qalxmasına səbəb olmuşdu. Qiymətlərin daha da bahalaşacağını düşünənlər həmin dövrdə maşın bazarına üz tutmuşdular. Lakin sonrakı dövrdə qiymətlər ucuzlaşmağa başladı.

Hazırda avtomobil bazarında durğunluq müşahidə olunur. Avtomobilini satmaq üçün bazara üz tutanların çoxu istəyini reallaşdıra bilmir.

Necə deyərlər, indi maşın bazarında alandan çox, satan var. Bazarda alıcı qıtlığının olmasının bir səbəbi də maşınların qiymətinin daha da ucuzlaşacağı ilə bağlı gözləntilərdir. Avtomobil almaq istəyənlər qiymətlərin daha da ucuzlaşacağını ehtimal edir deyə, çoxu gözləmə mövqeyindədir.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top