Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq

Aprelin 8-i “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”nda yazıçı Məhbubə Hacıyevanın “Taclı Bəyim” və “9 Sevdalı” romanlarının təqdimatı və imza günü keçiriləcək.

Yeniavaz.com-a daxil olan məlumata görə, tarixi keçmişimizi öz romanlarında əks etdirən M.Hacıyevanın “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri” və “Səadət”dən qopan qorxu” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Taclı Bəyim” romanı XVI əsrdə Səfəvilər dövlətinin yarandığı dövrdən və Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Əsər mənbələrə istinadən o dövrün qaranlıq məqamlarına aydınlıq gətirir.

Şah İsmayıl Xətai və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü, Şah Təhmasib Mirzənin gənclik illəri, Taclı Bəyimin Səfəvi dövlətindəki nüfuzu, onun sürgün olunması və ölümü haqqında oxucu maraqlı məlumatlar əldə edə bilər.

“9 Sevdalı” adlı ikinci kitab isə 2016-cı ilin aprel döyüşlərində bizim cəsur Xüsusi Təyinatlı Qüvvələrimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir. Kəşfiyyat məqsədilə düşmən tərəfə keçib diversiya törədən 9 igidimiz mətinlə vuruşaraq ermənilərin təxribat planlarını pozurlar. Romanda əsir düşmüş qız-gəlinlərimizin acı taleyi də əks olunub.

Birinci Qarabağ savaşında və Aprel döyüşlərində həlak olmuş bir çox qəhrəmanlarımız haqqında, eləcə də bu məkrli işğalçılıq planını hazırlayan əsas terrorçular barəsində də məlumat verilir. Kitabın əsas süjet xətti vətənpərvərlik, qəhrəmanlıq və pak sevgidir.

Kitabların təqdimatı “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyinin ofisində, İstiqlaliyyət prospekti 57 ünvanında (“İçərişəhər” metro stansiyasının yaxınlığı, Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz “Ağ çiçəyim”in üst mərtəbəsi) saat 15:00-da baş tutacaq. Giriş sərbəstdir.

DİGƏR XƏBƏRLƏR

Top