
Əməkdar artist Elza Seyidcahan bu dəfə ölüm mövzusunda şeir yazır. Bu barədə Yeniavaz.com saytına açıqlamasında müğənni özü məlumat verib. Yenicə işıq üzü görən və təqdimatını keçirdiyi kitabından danışan Elza Seyidcahan onları Azərbaycanın tanınmış şair və yazıçılarına, ziyalılarına bir-bir hədiyyə göndərməyə başladığını bildirib: "Kitabda Azərbaycanımıza, xalqımıza, şəhidlərimizə, analarımıza, dövlətimizə, dövlət başçımıza, Mehriban xanım Əliyevaya, Allahın müqəddəs kəlamlarına həsr etdiyim şeirlər yer alıb. Hörmətli Leyla Əliyeva ilə əməkdaşlığım var, onun sözlərinə mahnılar bəstələmişəm və onun yaradıcılığına aşiq olduğum üçün kitabda "Dahi Leylam" şeiri də dərc olunub. Oğluma, nəvəmə yazdığım şeirlər də kitabda yer alıb.
Bəziləri yaşları çox olsa belə, nənə olduqlarını özlərini cavan göstərmək üçün gizlədirlər. Mən cavanam, mənə "gənc nənə" deyirlər, amma özümə sevə-sevə elə nənə dedizdirirəm ki, hətta anam da qısqanır bunu. Anam deyir "qoy uşaq səni öz adınla çağırsın, mənə isə nənə desin, sən özünü niyə bu qədər tez yaşlandırırsan?" Anama deyirəm ki, nənə yaşlı olmaq demək deyil, xoşbəxtlikdi, Allah bu xoşbəxtliyi mənə verib. "Səmərrux" həm nənəmin adıdır, həm də nəvəmin. Kitabda ona da şeir var. Aprel döyüşləri ilə bağlı mənim "Qələbə" uvertüram Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən mükafatlandırılıb. Həmin mükafatı mən kitabda dərc etdirmişəm.
Vaqif Səmədoğlunun əziz xatirəsinə kitabda ithafım var. Dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadənin "Nasimi Passion" simfonik əsərinə "Ənəlhəqq" adlı şeirim o kitabda yer alıb. Həyatda yaşadığımız gözəl anlardan bəhrələnmişəm, hamısı necə deyərlər, kompozisiya şəklində kitabda cəmləşib. Dünya şöhrətli Azərbaycanlı rəssam, Almaniyada yaşayan Əşrəf Heybətov mənim şeirlərimin hər birinə illüziya çəkib".
Müğənnilər arasında kitab müəllifi olanlar demək olar yox dərəcəsindədir. Bəs onların Elza Seyidcahanın hədiyyə göndərdiyi bu kitablara münasibəti necə olub?
"Mən xoşbəxtəm ki, bütün sənət yoldaşlarım kitabımı heyrətamiz qarşılayıb. Bu yaxınlarda gecə saat 2-də bizim çox hörmətli, istedadlı müğənnimiz Zamiq Hüseynov mənə "İnstagram"da video yollayıb, öz ürək sözlərini çatdırıb. Ona kitabımı hədiyyət etmişdim. Kitabı oxuyandan sonra ürək sözlərini mənə çatdırmaq ehtiyacı hiss edib. Dəfələrlə mənim sənət dostlarım, o cümlədən Nadir Qafarzadə, böyük xalq artistlərimiz, aktrisalar, rejissorlar, tənqidçilər öz fikirlərini bölüşüblər. Kitabımın təqdimatına daha çox tənqidçilər gəlmişdilər. Halbuki onlar dəfələrlə mənim poeziyam haqqında yazmışdılar. Düzdür, mən onları tanımamışam, haqqımda yazdıqca maraqlandım. Çox xoşbəxtəm ki, şeiriyyət aləmi mənə gözəl yazarlarımızı, tənqidçilərimizi, ağı ağ, qaranı qara yazan poeziya yazarlarımızı bir daha tanıtdırdı və sevdirdi. Onu da deyim ki, kitabımdan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllimə, dünya şöhrətli xalq yazıçımız Çingiz Abdullayevə və bacardığım qədər digər görkəmli yazıçı, şairlərimizə, ziyalılarımıza hədiyyə etmişəm. Hazırda da digərlərinə hədiyyə edirəm. O insanlara verirəm ki, onlar həqiqətən kitabımla maraqlanırdılar, çap olunmamışdan öncə mənə dəstək idilər, mənə ruh verirlər. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə də öz kitabımı hədiyyə göndərmişəm".
Elza Seyidcahan bildirib ki, kitabın biri ona 15 manata başa gəlib: "Bu yaxınlarda "İmza günü" olacaq. Özünüz bilirsiniz, başımız qarışıqdır, biz istəyərdik cənab Prezidentimiz İlham Əliyev yenidən seçilsin. Yəqin inşallah, seçiləcək. "Biz İlham deyirik" adlı bir əsər yazmışam. Həmin əsərin sözləri kitabımda yer alıb.
2016-cı ildə mən cənab Prezidentimizin doğum günündə bir şəklini paylaşdım və şairanə bir xanım olduğum üçün şairanə bir təbrik yazdım və gözəl bir şeir yarandı. Bütün saytlar bu şeiri yaydılar ki, Elza Seyidcahan cənab Prezidentin ad gününə şeir həsr edib. Saytların çoxunda 30 min, 40 min dəfə oxundu bu xəbər. Ağlıma gəlməzdi bu şeirimə musiqi bəstələyəcəyəm.
Yəqin bu mənim ürəyimdə vətənimə, xalqıma, dövlətimə sevgidən, qayğıdandır ki, bu şeirdən bir daha ilhamlanıb "Biz İlham deyirik" kompozisiyasını, əsərini yazdım və artıq onu ifa edirəm.
Kitabımın "İmza günü" inşallah, seçkilərimizdən sonra olacaq. Hazırda bunu müzakirə edirik, ən böyük kitab satışı mərkəzlərindən birində edəcəyik. Kitabı alanlara şəxsi imzamla öz təşəkkürümü bildirəcəyəm. Kitabın qiyməti 20 manat olacaq. Nəyə görə? Çünki kitabın biri bizə 15 manata ərsəyə gəlib. Çox nəfis, bahalı bir kitabdır. Kitabın dizaynını Toğrul müəllim işləyib. Təqdimata gələnlər bildirdilər ki, biz son 10 ildə belə bir kitab və belə bir təqdimat görməmişik. Kitabın içində təbii daşlar da var. Bir balaca dəlilik var bizdə. Dahilərdə, istedadlı insanlarda necə deyərlər, ərköyünlük, bir balaca dəlilik var. Mən buna yaxşı mənada divanəlik deyərdim. Kitabımın adı "Mən dəlinin rəssamı" olduğu üçün orada daşlarla bağlı məlumatlar da həm ingilis, həm rus, həm də Azərbaycan dilində dərc etdirilib".
Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzvlük məsələsindən də danışıb: "Mənim üçün şərəf olar, böyük arzumdu. Çünki mən uşaqlıqdan şeir yazıram. Xalqı sevən, öz xalqının xanımını, zəhmətkeş anasını, "Əmədar artist"ini, Bəstəkarlar İttifaqının üzvünü, hər zaman öz xalqını sevə-sevə tərənnüm edən, şairləri öz mahnılarında yaşadan Elza Seyidcahanı yəqin ki, Yazıçılar Birliyinə üzv görmək istəyənlər var. Hələ ora müraciət etmək barədə düşünməmişəm, dediyim kimi işimiz çoxdur. Yazıçılar Birliyinə öz kitabımı təqdim etmişəm. Hörmətli yazıçılarımızdan mənə Yazıçılar Birliyinə üzvlük təklif gəlsə, çox şad, xoşbəxt olaram. Əlbəttə, mən Anar müəllimə də məktubla müraciət edəcəyəm".
Poeziya yaradıcılığından danışan Elza Seyidcahan bəzi şeirlərinin "bişmə" mərhələsində olduğunu deyib: "Son vaxtlar bir şeir üzərində işləyirəm - düzdür, bu barədə açıqlamamışam - ölüm mövzusunda. İlham gəlir, mən onu yazıram və saxlayıram. Bundan başqa "Eşşək" adlı bir şeir yazıram. Sonra "Diş - azad gülüşlərim" adlı şeir yazıram. Belə şeirlərim var, ancaq hazır deyillər. Kitabdan sonra şeirlər yaranıb, hələ tam hazır olanı yoxdur. Hələlik təqdim etmək istəmirəm, çünki onlar hələ bişirlər, sobadadırlar".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz