"Başınızı dik tutun, əziz şəhid ana-ataları"

Mingəçevir 7 saylı tam orta məktəbdə 2-6 aprel tarixlərində cəbhədə baş vermiş döyüşlərdə şəhid olanların ildönümünə həsr edilmiş "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir" mövzusunda ədəbi-bəddi kompazisiya təşkil edilib. Yeniavaz.com xəbər verir ki, tədbiri məktəbin müəllimi Xəyalə Manaflı və 7-ci sinif şagirdləri təşkil ediblər. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə həsr olunmuş slayd nümayiş olunub.

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Anar İsmayılov ötən aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib: "Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. Biz müəllimlər bu kimi tədbirləri həyata keçirərək həm gələcək nəsillərə ötürür, həm də şagirdlərimizi igid vətən övladlarının valideynləri ilə yaxından tanış edirik. Bu gün tədbirimizdə aprel şəhidlərinin valideyinləri və həyat yoldaşı iştirak edirlər. Biz bir daha onlara deyirik - "sizin övladlarınız bizim də övladlarımızdır, biz həmişə sizin yanınızdayıq, başınızı dik tutun, əziz şəhid ana-ataları".

Daha sonra şagirdlərin ifasında şəhidlərin döyüş yolundan bəhs edən kiçik səhnələr nümayiş olunub, şeirlər söylənilib. Şagirdlərin iştirakı ilə göstərilən səhnəciklər tədbir iştirakçılarını göz yaşlarına boğub.

Tədbirdə çıxış edən tankçı şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyeva bildirib ki, aprel ayı bizim ən ağır və kədərli dövrümüzdür: " Şagirdlərin bu kimi tədbirlərini izlədikçə o günləri bir daha yaşayırıq. Mən bütün müəllim və şagird kollektivinə minnətdarlıq bildirirəm ki, bu kimi tədbirlər təşkil edərək unudulmaz anları yaşadırsınız. Mən bu gün bu tədbirdə şagirdlərin timsalında öz 3 övladımı gördüm, onların çəkdiklərini bu şagirdlər bir daha canlandırdılar".

Daha sonra şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov da çıxış edərək öz yanqılı ürək sözüləri ilə hər kəsə minnətdarlıq bildirib.

Qeyd edək ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin "2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı"na uyğun olaraq şəhərin bütün ümumtəhsil müəssisələrində "Aprel döyüşləri"nə həsr olunmuş tədbirlər keçirilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top