Prezidentliyə namizədlər arasında QARŞIDURMA: "Kişiliyi varsa..."

Seçki kampaniyasının ən kəskin qalmaqalı; Qüdrət Həsənquliyevlə Sərdar Cəlaloğlu bir-birinə qarşı sərt ittihamlar səsləndirdilər

İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin sonuncu debatının axır saniyələrində ADP sədri Sərdar Cəlaloğlu BAXCP sədri Qüdrət Həsənquliyevi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçladı.

Modern.az saytına eksklüziv açıqlamasında prezidentliyə namizəd, Milli Məclisin deputatı Qürdət Həsənquliyev bildirib ki, Sərdar Cəlaloğlunun ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər: “Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul ”atır". Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı. Bu hadisədən bir müddət sonra Türkiyə Suriya ilə sərhəddə rus təyyarəsini vurdu və mən həmin olaya münasibət bildirdim. Dedim ki, Türkiyənin buna tam hüququ çatsa da, siyasi baxımdan yanlış qərardır.

Zaman da mənim dediklərimi təsdiq etdi. Amma həmin vaxt bu adam gözləmədiyim halda məni rusiyayönümlü olmaqda ittiham etməyə başladı. Bunun səbəbi təkcə məndən narazı qalması deyildi.

Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turgut Ər onu PKK lideri Dilanla görüşməkdə ittiham etmişdi və o, keçmişini unutdurmaq istəyirdi.

Üçüncü səbəbi isə o ola bilərdi ki, debat zamanı cəsarəti çatmadı ki, mənim kimi desin, torpaqlarımızın işğalının arxasında Rusiya dayanıb.

Eyni zamanda onun Türkiyə ilə konfederativ dövlət yaradacağı açıqlaması ciddi insanlar arasında gülüş doğurmuşdu. Mənim də deməyim ki, Razi bəyin Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyi nə qədər realdırsa, Sərdar bəyin də konfederasiyası o qədər realdır, bu, ola bilsin ki, onu qıcıqlandırdı.

Artıq kimsə onu başa salmışdı ki, bu təkliflə özünün qeyri-ciddi adam olmağını təsdiq edib. O da mənə hücum edəndə demədi ki, mən niyə konfederasiyaya qarşıyam. Dedi ki, guya mən Türkiyə-Azərbaycan dostluğuna qarşıyam.

Mən bilirəm ki, Türkiyənin münaqişəyə qatılması Rusiyanın da açıq formada müdaxiləsinə imkan yarada bilər, ona görə də istəyirəm xalqımız hər şeyi açıq bilsin. Biz özümüzə güvənməli və torpaqlarımızı özümüz azad etməliyik. Mənim dediyim budur".

Sərdar Cəlaloğlu isə Qüdrət Həsənquliyevə sərt cavab verib.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Q.Həsənquliyev uzun illərdir təzədən Azərbaycanın Rusiyanın nəzarəti altına keçirilməsi istiqamətində təbliğat aparır: “Avrasiya İttifaqına, Gömrük İttifaqına daxil olmaq adı altında təbliğat aparır. Camaat çörəyi qulağı ilə yemir ki, onun təbliğatının nədən ibarət olduğunu anlamasın. Rusiyanın bütün təklif və ideyaları keçmiş SSRİ respublikalarını yenidən özünün tabeçiliyinə salmağa hədəflənib. Qüdrət Həsənquliyev isə dəfələrlə bu siyasətə xidmət edən açıqlamalar verib. Bir sıra açıqlamalarını dolayısı ilə ifadə etsə də mahiyyət bəllidir. Qüdrətin mövqeyindən belə çıxır ki, biz bir millət iki dövlət dediyimiz, qardaşımız olan Türkiyə ilə konfederasiya yarada bilmərik, lakin dini dinimizdən, dili dilimizdən ayrı, bizi daim boyunduruq altında saxlayan, buna çalışan dövlətlə ittifaq yaratmalıyıq. Ermənistan Rusiya ilə ittifaq yaradırsa, Azərbaycan niyə Türkiyə ilə konfederativ ittifaq yarada bilməz?! Türkiyə ilə bizim ittifaq yaratmağımız ideyasını Qüdrət Həsənquliyev nədən süngü ilə qarşılayır, bu mövqeyinin arxasında olan qüvvə kimdir, onu açıqlasın! Mən Qüdrət Həsənquliyevə efirdə və ya sonra heç bir böhtan atmamışam, amma o, mənə qarşı qeyri-adekvat mövqe nümayiş etdirib. Ona görə də mən ona dedim ki, təyyarə olayından sonra Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyən mən deyildim, sən idin. Azərbaycan dövləti Rusiya ilə indiyə qədər 20 milyard dollarlıq müqavilə imzalayıb, SOCAR Avropaya milyardlarla dollar investisiya qoyub. Qüdrət Həsənquliyev bunların adını çəkmir. Ancaq SOCAR-ın Türkiyəyə investisiya qoymasına etiraz edir. Bu adam strateji müttəfiqimizlə iqtisadi əlaqələrin əleyhinə olduğunu bu şəkildə ortaya qoyur. Ciddi əsası olmayan bir sıra fikirləri isə səsləndirərək cəmiyyətdə Türkiyəyə qarşı mənfi münasibət toxumu səpir. Bu adamın mövqeyi Əliheydər Qarayevin yüz il öncəki mövqeyinə uyğun gəlir. Ancaq müasir əliheydər qarayevlər bilsinlər ki, gec-tez Türkiyə-Azərbaycan konfederasiya ittifaqı yaranacaq. Mən, sadəcə, bir qədər irəli gedib siyasi ittifaqın yaradılması istiqamətində təklifimi verirəm. Cəmiyyətdə Türkiyə ilə ittifaqın tərəfdarı olanlar çoxdur, yoxsa Qüdrət Həsənquliyevin mövqeyində olanlar? Bu sualın cavabı hər şeyi deyir”.

Qüdrət həsənquliyev ile ilgili görsel sonucu

S.Cəlaloğlu Q.Həsənquliyevin ona böhtan atdığını da qeyd etdi: “Deyib ki, guya mən onun qəbulunda olmuşam və sair. Kişiliyi varsa, o məmurun adını çəksin və mənim onun qəbuluna getməyimi sübut eləsin. Sən kimsən mən sənin qəbuluna gəlim?! Mən heç sənin ağanın qəbuluna getməmişəm və getmirəm! Sən özünü nə hesab edirsən?! Boynu bükük vəziyyətdə dayanan sənin kimi olar ki, ipin başqasının əlindədir, həmin şəxsin qapısından ikiqat əyilib keçirsən. Boynunu elə sıxıb ki, yüksək vəzifədə təmsil olunduğun iqtidarın əleyhinə qarşında oturan Araz Əlizadə, Hafiz Hacıyev, Zahid Oruc ittihamlar yağdırır, təmsil olunduğun iqtidar xalqa xəyanətdə ittiham olunur, sənin cəsarətin çatıb bir kəlmə reaksiya verə bilmirsən, başını aşağı dikib dayanırsan. Halbuki o ittihamlar həm də sənə çatır. Çünki həmin hakimiyyətdə böyük vəzifədə olmusan. Sərdar Cəlaloğlu isə siyasi repressiyalardan, məhrumiyyətlərdən başı dik, alnı açıq çıxıb. Sərdar Cəlaloğlu kiminsə qapısında boyun bükən olsaydı repressiyalara, işgəncələrə məruz qalmazdı, Qüdrət Həsənquliyev kimi deputat olardı. Sərdar Cəlaloğlu 4 dəfə deputat seçilib, dördündə də parlamentə buraxılmayıb. Qüdrət Həsənquliyev isə heç vaxt deputat seçilməyib, lakin saxta mandatla deputat oturdulub. İndi bax gör boynu bükük kimdir. Mənə qarşı ətrafındakı bir neçə quyruq bulayanları qısqırdıb. Mən Qüdrət Həsənquliyev barəsində elə şeylər açıqlayaram ki, o, heç vaxt başını yuxarı qaldırıb kimsənin üzünə baxa bilməz. Azərbaycanda ən çox boynu bükük adam odur. Mən onun tayı deyiləm. Siyasi məsələləri şəxsi müstəviyə daşımasın. O özü bilir mən nəyi nəzərdə tuturam. Barəsində elə şeylər açaram ki, yerə girər! Bəsdir, ayıbdır”.

S.Cəlaloğlu Dilanla görüş məsələsinə də münasibət bildirdi və dedi ki, bu məsələnin ona qarşı istifadə olunması gülüncdür: “Bu barədə əvvəllər açıqlama vermişəm. 1992-ci ildə Azərbaycana-Naxçıvana Türkiyədən bir qrup adam gəlmişdi. Onlar Heydər Əliyevlə də görüşmüşdülər, başqa siyasətçilərlə də görüşləri olmuşdu. Mən yas yerindəydim. Gəlib mənə məlumat verdilər ki, Türkiyədən nümayəndələr gəlib sizinlə də görüşmək istəyirlər. O vaxt Türkiyə ilə əlaqələr çox zəif idi. Qardaş ölkədən gələnlərin olduğuna sevindim. Getdim görüşdüm, bir neçə nəfər idilər. Biri cavan qadın idi. Onlar dedilər ki, biz gəlmişik gedib Zəngilanda, Laçında, Cəbrayılda, Qubadlıda kürdlərlə iş aparaq ki, onlar ermənilərlə vuruşmasınlar, çünki bu müharibə türk-erməni müharibəsidir. Onlarda belə fikir var idi ki, Azərbaycanda və Azərbaycanla sərhəddə yerləşən Ermənistan ərazilərində 1 milyondan artıq kürd yaşayır. Ancaq mən həmin qadına anlatdım ki, Azərbaycanda kürdlərin sayı düşündüyü qədər çox deyil. Həm də onlar kompakt yox, dağınıq yaşayır. Üstəlik, özünü kürd kimi tanıdan insanların antropologiyasına baxanda 90 faizinin kürd olmadığı aydın görünür. Aydındır ki, bu təsəvvür PKK-da SSRİ rəhbərlərinin iddiası ilə yaranmışdı. O zaman SSRİ rəhbərliyi bu ərazinin adını Kürdüstan qoyub daha bir süni gərginlik ocağı yaratmaq istəyirdi. Mən Dilana PKK-nın yaranmasını, onun seçdiyi yolu başdan-ayağa izah elədim. Dilandan soruşdum ki, sən necə düşünürsən, kürd də müsəlmandır, türklər də, o zaman niyə Avropa, ya Rusiya sizə silah verib din qardaşlarınızla mübarizəyə göndərir, niyə siz ərəblərlə, türklərlə, farslarla savaşırsınız? Lap tutaq ki, dövlət yaratdınız. Sabah siz dünyaya çıxış üçün mütləq savaşdığınız xalqların ərazilərindən keçməlisiniz. Bu necə mümkün ola bilər? Ona başa saldım ki, bu hərəkat yalnız bölgədə sabitliyi pozmaq üçün yaradılıb. Dilan o zaman xeyli şəxslə, hətta Heydər Əliyevlə də görüşmüşdü. Mənə dedi ki, bu məsələləri mənə sizin qədər aydın izah edən olmamışdı. O etiraf elədi ki, PKK o qədər uzağa gedib ki, artıq geri dönüş şansı yoxdur. Çünki nə bu qədər tökülən qanların üzərindən keçib türklərlə barışa, nə də Avropa dövlətləri qarşısında götürdükləri öhdəliklərdən boyun qaçıra bilərlər. Dilan mənə söz verdi ki, bu görüşdən sonra Türkiyəyə qayıdacaq, bundan sonra da Azərbaycandakı kürdlərlə münasibət qurulması ilə bağlı heç bir iş aparılmayacaq. Bundan sonra həmin şəxslər qayıtdılar Türkiyəyə. Mənim buna nail olmağım əslində Azərbaycana xidmətdir. Çünki kürd qardaşlarımızın vətən uğrunda savaşdan yayındırılması planının qarşısını faktiki almışdım. İndi Qüdrət Həsənquliyev mənə qarşı deməyə arqument tapa bilmir, öz aləmində guya məni ifşa edir, əslində isə özünü gülünc vəziyyətə salır”. Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top