Bakıda "park salacağıq" deyib ağacları zədələyənləri nazirlik cərimələdi

Bakının Xətai rayonu Məhəmməd Hadi 99 və 93 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsi ilə bağlı bir neçə gün öncə Yeniavaz.com saytında məlumat vermişdik. Həmin ünvanda yaşayan Ayxan Məsimli bildirmişdi ki, binaların arasında 2 futbol meydançası boyda ərazidə ağaclar qırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"indən Yeniavaz.com saytına bildirilmişdi ki, məsələdən xəbərdardırlar və Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən araşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Yeniavaz.com saytına bildirib ki, sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Nazirliyin "Qaynar xətt"inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlar tərəfindən yaşıllıq ərazinin primitiv üsulla qanunsuz çəpərlənərək zəbt olunduğu və Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyü müəyyən edilib. Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı iş icraçısı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanuna müvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində 1000 manat məbləğində cərimə olunub".

DİGƏR XƏBƏRLƏR

Top