"Şəhid bulağı" sökülür? - İcra Hakimiyyəti AÇIQLAMA verdi

Göyçay rayonunun Potu kəndində şəhid Rüstəmov Vilayət Məhəmməd oğlunun adına salınmış bulağın sökülməsi ilə bağlı saytlarda məlumat yayılıb. Sözügedən kənddə məskunlaşmış kəlbəcərli məcburi köçkün, şəhidin həyat yoldaşı Nailə Ənircan qızı Quliyeva bununla bağlı KİV-ə şikayət məktubu ünvanlayıb.

"Həyat yoldaşım Rüstəmov Vilayət Məhəmməd oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vilayət Rüstəmov Ağdərə-Kəlbəcər döyüşlərində 701 saylı hərbi hissənin kəşfiyat komandiri olub. Ermənilərin atdığı top mərmisi posta düşən zaman həyat yoldaşım Vilayət şəhid olub. Həmin vaxt onun meyiti ələ gəlməz olduğundan bizə göstərmədilər. Döyüşçü yoldaşları onu elə orada dəfn etdilər. Kəlbəcərin işğalı zamanı özüm də ağır yaralanıb əlil olmuşam. 1993-cü ildən Göyçay rayonunun Potu kəndində məskunlaşmışıq. Həyat yoldaşım şəhid Vilayət Rüstəmovun qəbri işğal altındakı torpaqda olduğu üçün onu ziyarət edə bilmirik. Buna görə qərara aldıq ki, yaşadığımız evin yanında boş bir yerdə "Şəhid bulağı" inşa edək. Dövlətin ailəmizə verdiyi "şəhid pulu" ilə həmin bulağı inşa etdirdik. Bulağın tamamlanma işləri hələ yekunlaşmayıb. Dünən 2 aprel 2018-ci il tarixdə - Kəlbəcərin işğalının 25-ci ildönümü yad edilən bir vaxtda Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə bir qrup işçisini evimizə göndərib ki, "Şəhid bulağı" sökülsün. Dedilər ki, burada "Şəhid bulağı" inşa etmək olmaz, mütləq sökülməlidir".

Səsləndirilən ittihamlarla bağlı Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev Yeniavaz.com saytına açıqlama verib.

1-ci müavin bildirib ki, şəhid bulağının sökülməsi məsələsi olmayıb, sadəcə söhbət belə bir bulağın inşası barədə İcra Hakimiyyətinə məlumat verilməməsindən gedir: "Göyçay Rayon İcra Hakimiyyəti "Şəhid bulağı"ını sökdürmür. Biz onlara demişik ki, "Şəhid bulağı" tikirsinizsə, heç olmasa bu barədə İcra Hakimiyyətinə məlumat verməlisiniz, biz də bu barədə məlumatlı olmalıyıq. Amma onlar bunu etməyiblər. Məlumat üçün bildirim ki, biz həmin küçəyə aprel şəhidimizin adını vermişik. Həmin küçədə hazırda abadlıq işləri görülür, bütün idarə və təşkilatlar ora cəlb ediliblər. Aprel ayının 5-də həmin küçənin açılışı olacaq. Bu ailə həmin küçədə təzəlikcə torpaq alıb. Torpaq alan kimi də orada büst qoyublar. Biz onlara demişik ki, əgər belə bir iş görmək istəyirsinizsə, Rayon İcra Hakimiyyəti baxsın və sizə hansı formada deyirsinizsə, razılıq versin və o işi görün. Bundan başqa onlara söz deyilməyib. Nə də hazırda orada bulaq yoxdur. İki gündür ora gətirib büst qoyublar, yanını da aqlaylayıblar. Başqa heç bir şey yoxdur. Həmin ailəyə başqa heç nə deyilməyib. Artıq Göyçay Rayon İcra Hakimiyyətinin başçısı göstəriş verib ki, həmin ailəyə nə kömək lazımdırsa, edin. Başçı tapşırıq verib ki, ora bulağın çəkilişinə də köməklik göstərilsin və məsələ həllini tapsın".

İcra başçısının 1-ci müavini qeyd edib ki, həmin küçəyə aprel şəhidinin lövhəsi qoyulacaq: "Həmin küçə aprel şəhidinin onun adına verilib, artıq bu işlər rəsmiləşdirilib və sərəncam da verilib. Hər bir şəhid bizim üçün doğmadır, əzizdir. Onların ailəsinə şərait yaratmaq, ailələrinə köməklik etmək bizim borcumuzdur, həmişə də eləmişik. Dövlətin bu qədər elədikləri yaxşılıqları niyə kölgə altına salırlar? Dövlətimiz bütün şəhid ailələrinə eyni formada, necə lazımdır köməklik göstərir, bizim rayonda da həmçinin".

DİGƏR XƏBƏRLƏR

Top