Bakı Nəqliyyat Agentliyinə yeni səlahiyyətlər verildi - "Çox ciddi yeniliklər olacaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında fərman verib. Yeniavaz.com xəbər verir ki, sənədə əsasən, Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs kimi nizamnaməsi təsdiqlənib, Agentliyinə müxtəlif səlahiyyət və vəzifələr verilib. Son illər gördüyü işlərlə sərnişindaşımada vəziyyətin kifayət qədər yaxşılaşmasına nail olan BNA-ya verilən səlahiyyətlər, bir sıra problemlərin həllinə hesablanıb. Bəs söhbət hansı səlahiyyətlərdən gedir?

- BNA Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin edəcək.

- Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş edəcək.

- Avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq edəcək və müvafiq işlər görüləcək.

- Yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görəcək.

- Daxili İşlər Nazirliyi Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil verəcək.

- DİN hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda dərhal elektron qaydada Agentliyə məlumat verəcək.

- Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərini Agentliyin idarəetməsinə verəcək.

- BŞİH paytaxtın inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verəcək.

"Yeniliklər olacaq"

Məsələyə hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da münasibət bildirib. Ekspert də çox ciddi yeniliklərin olacağını bildirib: "Nəhayət ki, bizim ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq, sovet dövründən qalan aktlara istinad etməkdən canımız qurtaracaq. Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək.

Bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək. Bakının bütün svetoforları vahid mərkəzdən idarə ediləcək.

Bakının bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil ediləcək və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq. Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq və s".

DİGƏR XƏBƏRLƏR

Top