Bakıda daha bir bina tezalışan penoplastla üzlənir? - VİDEO

Nəsimi rayon Şəmsi Bədəlbəyli küçəsində yerləşən 6 mərtəbəli binanın üzlükləri dəyişir.

Yeniavaz.com xəbər verir ki, bina sakinləri Toplum TV-yə şikayət edərək binaya vurulan üzlüklərin tezalışan maddədən hazırlanmış penoplast olduğunu deyiblər.

Əməkdaşlar deyilənləri yoxlamaq üçün ərazidə olublar.

Onlar üzlüklərin yerə düşmüş qalıqlarını yandırmaqla deyilənlərin doğru olduğunu görüblər.

Binanın birinci mərtəbəsində 3 saylı uşaq poliklinikası yerləşir.

Poliklinikanın işçiləri üzləmədə tezalışan maddə olduğunundan xəbərsizdirlər.

Baş həkim Dilbazi Vəliyevanı axtarsaq da, yerində tapmadıq.

"Bizim heç fikrimizi soruşan olmayıb. Xəbərimiz də yoxdur”, - poliklinikanın işçiləri üzlüklərlə bağlı deyirlər.

Onlar 2015-ci ildə Binəqədi rayonu ərazisində yerləşən binanın bu səbəbdən yandığını və buna görə də narahat olduqlarını deyirlər: "Şikayət və ya müraciət etməyi düşünmürük. Çünki bizə əhəmiyyət verən olmayacaq”.

Binanın təmiri ilə məşğul olan yaşlı ustanın sözlərinə görə, işlə Abadlaşdırma İdarəsi məşğul olur: "Biz nəsə deyə bilmərik, tapşırıq verirlər, edirik. Ancaq istərdik ki, məsələni aidiyyəti qurumlara çatdırasınız”.

Nəsimi Rayon İcra Hakimiyyətindən özünü məsləhətçi kimi təqdim edən Orxan Əliyev öncə binanın tezalışan materialla üzləndiyindən xəbərdar olduğunu desə də, sonradan bunu inkar edib.

İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı Hicran Cəfərova isə danışmağa vaxtının olmadığını deyib: "Mənim işim vətəndaşlarla ola bilər, amma birbaşa deyil. Belə məsələləri şöbə müdirimiz Hamlet Baxışovla danışmalısınız”.

Hamlet Baxışova müraciət etsək də, danışmaq istəməyib.

Nəsimi Rayon İcra Hakimiyyətinin digər əməkdaşı Ramil Qasımov isə işin "Bakı Abadlıq” MMC tərəfindən həyata keçirildiyini deyib: "Bakı Abadlıq” MMC İcra Hakimiyyətinə tabe deyil. Onlarla əlaqə saxlayın”.

Sözügedən şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.

FHN-in ictimaiyyətlə əlaqələr şöbəsindən isə Yanğın Nəzarəti Xidmətinə yönləndiriblər: "Bu məsələni cavablandırmağa səlahiyyətimiz yoxdur. Bizim sizə nömrə vermək səlahiyyətimiz də yoxdur. Siz yazılı şəkildə FHN-ə müraciət edin. Bu, ciddi bir məsələ olduğundan boyunqaçırma halları olur. Belə hadisələr başımıza çox gəlir. Gün ərzində başqa qurumların da məsuliyyətində olan məsələlərə biz cavab verməli oluruq. Bizə aid olmasa da, dinləyirik. Lakin bizim səlahiyyətimiz altında olan məsələyə özümüz nəzarət edirik”.

Toplum Tv FHN-ə yazılı sorğu ünvanlayıb.

bakida

DİGƏR XƏBƏRLƏR

Top