Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə Azərbaycanda qeydiyyatda olan fərdi sahibkarların sayı 794,4 min nəfər olub. Yeniavaz.com-un apardığı hesablama göstərir ki, aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı bundan dəfələrlə azdır.
Azərbaycan Respublikası Hesablama Palatasının “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Qanun layihəsi barədə verdiyi rəydə qeyd olunub ki, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən topladığı məcburi dövlət sosial sığorta haqlarının məbləği 54 milyon 450 min manat olub.
Bildiyimiz kimi, aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hər ay minimum aylıq əmək haqqının ən azı 20 faizi (Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 50 faizi) miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Ötən il minimum aylıq əmək haqqının 116 manat olduğunu nəzərə alsaq, o zaman hər bir sahibkar ay ərzində ən azı 23,2, il ərzində isə 278,4 manat məcburi dövlət sosial sığorta haqqı ödəmiş olacaq.
Əgər Hesablama Paltasının rəyində qeyd olunduğu kimi, ötən il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan məcburi dövlət sosial sığorta haqlarının məbləği 54 milyon 450 min manat olubsa, o zaman Azərbaycanda aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 195 min 582 nəfərdən çox ola bilməz (54450000/278,4=195582).
Bu isə o deməkdir ki, Azərbaycanda 600 minə yaxın fərdi sahibkar heç bir fəaliyyətlə məşğul deyil.