Kosovada qaçırılan Türkiyə vətəndaşlarına görə iki nazir vəzifədən uzaqlaşdırıldı


Kosovanın Baş naziri Ramuş Haradinaj Türkiyə vətəndaşı olan 5 müəllim və bir həkimin təhlükəsizlik əməkdaşları tərəfindən tutularaq Türkiyəyə təhvil verilməsindən sonra "Tvitter" hesabından məsələyə münasibət bildirib. Yeniavaz.com xəbər verir ki, Baş nazir açıqlamasında, "Bu gün Kosova təhlükəsizlik əməkdaşları tərəfindən 6 Türkiyə vətəndaşı deportasiya edilib. Mən Kosova Baş naziri olaraq bu hadisə barədə məlumatlandırılmamışam. Bununla bağlı Konstitusiya qanunlarına görə hərəkət edəcəm" - deyə bildirib.

Baş verən hadisə ilə bağlı yazılı açıqlama verən Kosova Prezidenti ölkəsindəki cavabdeh qurumların xarici ölkə vətəndaşlarının haqlarını qorumaqda aciz olduqlarını bildirib. Türkiyə vətəndaşlarının qaçırılması ilə bağlı hadisənin təfərrüatlarının açıqlanmalı olduğunu bildirən Prezident Haşim Taci, "Beynəlxalq qanunlar çərçivəsində qurulan Kosova kimliyi və inancından asılı olmayaraq hər kəsə bərabər münasibət göstərən, insan haqlarına hörmətlə yanaşan bir ölkədir. Bu qanunları həyata keçirmək dövlət qurumlarımızın borcudur. Bu gün bəzi dövlət qurumlarımız xarici ölkə vətəndaşlarının hüquqlarının qorunmasında aciz oldular. Heç bir kəs fərqli düşüncələrinə görə deportasiya edilməməlidir" - deyə açıqlamasında bildirib.


Avropa Parlamentinin deputatı Rebeka Harms da baş verən hadisəyə etiraz edib: "Bildiyimə görə Kosova Prezidentinin oğlu da Gülən məktəblərində oxuyur. Kosova “Hizmet” Hərəkatı könüllülərini nəyə görə ədalətli məhkəmənin olmadığı Türkiyəyə geri göndərə bilər? Bəs hüququn aliliyi?”
Bu arada qaçırılma hadisəsi ilə bağlı kamera görüntüləri də ortaya çıxıb. Görüntülərdə əlləri arxadan bağlanmış insanlar mülki geyimlilərin nəzarəti altında binadan çıxarılaraq avtomobillərə tərəf aparıldıqları görünür.


Vəkillər və yerli mənbələr Kosovada ötən gün saxlanılan 5 müəllim və bir tibb professorunun hələ də bu ölkədə saxlanıldığını iddia ediblər.
Türkiyənin “Anadolu Agentliyi” isə müəllimlərin Türkiyəyə göndərildiyi və dindirilməyə başlanıldığı haqqında xəbərlər yayımlayıb. Ancaq agentliyin yaydığı şəkillərin Türkiyənin Kosovadakı Kosulluqda çəkildiyinə dair şübhələr var. Belə ki, daha əvvəllər Konsulluq işçisinin həmin yerdə şəklinin olması həbs olunan şəxslərin hələ də Kosovada saxlanıldığı ehtimallarını artırıb. Tutulan müəllimlərin Kosovada olduğu xəbərinin yayılmasından sonra vətəndaşlar və “Mehmet Akif” liseyinin şagirdləri hava limanına gedərək burada aksiya keçirdiblər.


Baş verən hadisə ilə bağlı Kosova Baş naziri Ramuş Haradinaj ötən gün axşam saatlarında Daxili İşlər naziri və Kəşfiyyat İdarəsinin istefasını tələb etdiyi iddia olunub. Kosovalı jurnalist Xemajl Rekşa isə hər iki nazirin də vəzifədən kənarlaşdırıldığını yazıb. “Reuters” agentliyi isə bu gün Kosova Baş nazirinin həm Daxili İşlər nazirini, həm də Kəşfiyyat İdarəsinin rəhbərini istefaya göndərdiyinə dair son dəqiqə xəbəri yayımlayıb. Bu arada ötən gün axşam saatlarında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın, Kosova və Serbiya Prezidentləri arasında telefon danışığı baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top