İsveçrədə 4 dollara satılan "Coca-Cola" Azərbaycanda 33 sentə satılır

Heç kimə sirr deyil ki, dünyada ən çox satılan spirtsiz içkilərin başında "Coca-Cola" yer almaqdadır. Yeniavaz.com xəbər verir ki, hazırda 200-dən artıq ölkədə satılan "Coca-Cola"la brendi həm də dünyanın ən bahalı brendlərindən hesab olunur. 1892-ci ildə ABŞ-da istehsalına başlanılan "Coca-Cola" dünyada reklamına ən çox pul xərclənən məhsullardan biridir. Bu içkinin dünyada bu qədər populyar olmasında aparılan reklam kampaniyaları qədər, barəsində səslənən tənqidi yazılar da həlledici olub. Bildiyimiz kimi "Coca-Cola"nı tənqid hədəfinə çevirənlərin əsas iradı bu içkinin tərkibi ilə bağlıdır. Məlumat üçün bildirək ki, "Coca-Cola" içkisinin istehsalı ilə məşğul olan "The Coca-Cola Company" şirkəti içkinin hansı məhsullardan hazırladığını açıqlasa da, içkinin hazırlanma formulunu ticari sirr kimi gizli saxlayır. "Coca-Cola"nı dünyanın ən "müəmmalı" içkisinə çevirən məqamlardan biri də tərkibinin eyni olmasına baxmayaraq, bu məhsulun ayrı-ayrı ölkələrdə fərqli qiymətlərə satılmasıdır.

Dünyaca məşhur "numbeo.com" saytı "Coca-Cola"nın hansı ölkədə neçəyə satıldığını açıqlayıb. Açıqlanan məlumatdan belə görünür ki, "Coca-Cola"nın ən ucuz satıldığı ölkələrdən biri də Azərbaycandır.

Saytın məlumatına görə 330 ml "Coca-Cola"a Azərbaycanda 33 sentə (55 qəpik) satıldığı halda İsveçdə 4,1 dollara (7 manat) satılır. Dünyada "Coca-Cola"nın ən ucuz satıldığı ölkələrin sıralamasında Azərbaycan 4-cü sırada yer alıb. "Coca-Cola" yalnız Misirdə (28 sent), Banqladeşdə (29 sent) və Pakistanda (31 sent) Azərbaycandan ucuz satılır. Digər ölkələrdə "Coca-Cola" Azərbaycanla müqayisədə daha baha satılır.

Region ölkələri arasında 330 ml-lik "Coca-Cola"nın satış qiyməti İranda 43 sent, Ukraynada 43 sent, Gürcüstanda 52 sent, Qazaxıstanda 54 sent, Ermənistanda 68 sent, Belarusda 68 sent, Moldovada 74 sent, Türkiyədə 76 sent, Rusiyada 83 sent təşkil edir.

Məlumat üçün onu da xatırladaq ki, 330 ml-lik "Coca-Cola" bu məhsulun vətəni hesab olunan ABŞ-da 1,75 dollara satılır.

DİGƏR XƏBƏRLƏR

Top