Avtobusda qadını döyən gənci hansı cəza gözləyir? - HÜQUQŞÜNAS RƏYİ

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edib. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verib və nalayiq ifadələr işlətməyə başlayıb. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirib. İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalıb. Həmin şəxs vətəndaşların müraciətlərindən sonra polis əməkdaşları tərəfindən bölməyə aparılıb.

Bəs qanunvericiliklə həmin şəxsi hansı cəza gözləyir? Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Yeniavaz.com saytına bildirib ki, hadisənin videosuna baxmayıb, amma insidentdən məlumatı var: "Hadisə kütlənin arasında olubsa, buna adətən xuliqanlıq kimi hüquqi qiymət verilir. Qadına yumruq vurulubsa, burada söhbət cinayət sayılan xuliqanlıqdan gedir.

Həmin şəxsə yəqin ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə iş açılacaq. İnsanlar arasında söyüş söyən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud şəkildə pozan, həm də vətəndaşlara zor tətbiq olunması ilə müşayiət olunan hadisədən gedir söhbət. Xuliqanlığın anlayışı belədir. Əgər həmin şəxs qadını vurmasaydı, onun əməli inzibati xəta sayılardı. Təbii ki, istintaq orqanları, polis məsələni araşdırıb hüquqi qiymət verəcək".

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 160 saatdan 200 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məsələyə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev də münasibət bildirib: "65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, çox təəssüf cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqressiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcəkdir.

Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır. Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir".

avtobus

DİGƏR XƏBƏRLƏR

Top