"20 nömrəli məktəb-liseydə şagirdlərdən hər ay 5 manat pul yığılır" - İDDİA

"20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn Müəllim Assosiasiyası (VMA) yaradıb. Assosiasiyaya valideynlərdən rəhbər və xəzinədar da seçilib. Məktəbdə oxuyan hər şagirddən ayda 5 manat pul həmin Assosiasiyaya yığılır". Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist İradə Nurəddinqızı məlumat verib.

İ. Nurəddinqızı məlumatı valideynlərin müraciəti əsasında ictimailəşdirdiyini bildirib: "Guya yığılan məbləğ marker, kağız və s. üçün xərclənəcək".

Məlumat üçün bildirək ki, 20 nömrəli məktəb-liseydə Azərbaycan və rus bölməsi ilə birlikdə ümumilikdə 109 sinifdə 3300 şagird təhsil alır. Məktəb-liseydə 263 müəllimdən ibarət pedaqoji heyət çalışır.

Adıçəkilən məktəb-liseydə şagirdlərdən məcburən hər ay 5 manat pul yığılması tələbinin qoyulmasını Yeniavaz.com saytına açıqlama verən valideynlər də təsdiqləyiblər.

"Məcburi hər şagirddən 5 manat pul yığmaq istəyirlər. Sinif rəhbərlərinə hədə-qorxu gəlirlər ki, əgər şagirdlər bu pulu vermirlərsə, deməli, sizə hörmət eləmirlər. Hansı sinif rəhbəri də pul yığa bilmirsə, ona sinif rəhbərliyindən çıxarılacağı bildirilir, hətta ola bilər məktəbdən də azad edilsin. Sinif rəhbərləri pul yığılma məsələsini əvvəl valideynlərə "pişim-pişim"lə deyirdilər, indi isə təkid edirlər ki, nə olursa-olsun verin. Hətta deyirlər ki, 2 ayın pulunu yığın birdən verin. Bizə deyirlər ki, 5 manatdır də, nə puldur. Biz valideynlər bununla razı deyilik. Adam var eyni məktəbdə 3 uşağı oxuyur. Təklif etdik ki, kimin imkanı varsa, bacardığı qədər məktəb fonduna yardım edə bilər. Amma bununla razılaşmırlar. Bunu qanunla əsaslandırmağa çalışırlar ki, olmalıdır",-deyə valideynlərdən biri saytımıza bildirib.

Valideynin iddiasına görə, 20 nömrəli məktəb-liseyin direktoru valideynlərə "Təhsil Nazirliyinin adamı" olduğunu deyir: "Səadət Veysova gələndən bizim məktəbdə çaxnaşmadır. İki dəqiqədən bir elan edir ki, "mən Təhsil Nazirliyinin adamıyam", "mənim sözüm nazirliyin sözüdür". Məni şəxsən o dərəcədə bezdirdilər ki, 11-ci sinifdə oxuyan qızımı 20 nömrəli məktəb-liseydən çıxartdım. Tələb etdiklərinin də hamısını guya qanunvericiliklə əsaslandırır. Əvvəlki direktorun vaxtında belə bir şey olmayıb. İldə 2 dəfə sinif üçün cüzi məbləğdə pul yığaraq silgi, dəftər alırdıq. Ancaq Səadət xanım bununla razılaşmır. Əvvəllər valideynlər sözlərini açıq deyə bilirdilərsə, indi çəkinirik. Çünki bir söz deyəndə direktor deyir "nazirliyin adamıyam, bu da telefon, istəyirsiniz zəng vurub bu dəqiqə danışım". Məktəbdə 3000-dən çox şagird təhsil alır. Hərəsindən ayda 5 manat pul yığanda görün nə qədər pul edir. Bu qadın necə deyərlər, yerlə-göylə əlləşir. Bilmirik kimin adamıdır, kimə güvənir. Valideynlərdən biri Təhsil Nazirliyinə zəng vurub, deyib ki, bizdən məcburi pul yığılıb, məgər məcburi yığım var? Deyiblər yox. Danışmağa sözümüz, deməyə şikayətimiz çoxdur, sadəcə adımızın çəkilməsini istəmirik. Çünki sonra uşaqları incidirlər".

Yeniavaz.com saytı olaraq məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehova müraciət etdik. C. Valehov məsələdən xəbərdar olduqlarını bildirdi: "Bununla bağlı məlumatlıyıq. Araşdırılmasına baxılır, görək nə məsələdir".

Qeyd edək ki, özünü 20 nömrəli məktəb-liseyin direktorunun köməkçisi kimi təqdim edən şəxs "Qaynarinfo"ya açıqlamasında Valideyn Müəllim Assosiasiyalarının bütün məktəblərdə olduğunu, bəzilərində şagirdlərdən 3-5 manat, bəzilərində də aylıq 10 manat yığıldığını iddia edib: "Valideyn-Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qərarı ilə 2005-ci ildə təsdiq olunub. Nizamnaməsi və əsasnaməsi var. Elə məktəblər var ki, 10 manatdır, bizdə isə 5 manatdır. Ola bilər ki, hansısa müəllim valideyndən artıq pul istəyib. VMA pedaqoji şura ilə təsdiq olunan bir qurumdur. İndi hər məktəbin öz VMA-sı var. Elə məktəb var yığılan vəsaiti öz hesabına keçirir. Bizim məktəb də yeni yaradılıb. Hesab açılacaq. Məktəbin mühafizəsini, xadiməsini, qapısını, bacasını saxlamaq da orada gedir. Biz indi sizə onunla bağlı hesabat vermirik. Sadəcə bilin ki, VMA-nın özünün nizamnaməsi və əmri var".

Daha sonra həmin şəxs jurnalisti hədələyərək bir daha zəng vurmamasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top