“Gün gələcək turistlər ölkəmizə tibbi xidmət üçün gələcəklər”

Xəbər verdiyimiz kimi, martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Bona Dea Beynəlxalq Hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı tibb ocağının kollektivi ilə görüşüb: "Bu gün Bakıda gözəl xəstəxana açılır. Bu, çox gözəl, əlamətdar hadisədir. Xəstəxana çox gözəl təəssürat bağışlayır, həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıb. Əminəm ki, xəstəxanada vətəndaşlara çox yüksək tibbi xidmət göstəriləcək. Mən xəstəxana ilə tanış olarkən görürəm ki, çox böyük işlər görülüb. Bütün işlər ən yüksək səviyyədə təşkil edilib. Bu xəstəxana xarici mütəxəssislərin dəstəyi ilə ərsəyə gəlib. Əminəm ki, burada çalışan həkimlər, tibbi heyət xəstələrə yüksək xidmət göstərəcəklər. Mənə verilən məlumata görə, burada 800-dən çox iş yeri yaradılır. Həkimlər, tibbi heyət üçün burada gözəl şərait yaradılıb.

Bu xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir. Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər.

Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır.

Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlamışdır. Hazırda növbəti tibbi müayinə davam edir. Beləliklə, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Mənə məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən yüksək biliklərə malik olan mütəxəssislər işləyəcəklər". AzərTac

DİGƏR XƏBƏRLƏR

Top