Təmirinə xeyli pul xərclənən yol niyə bu hala düşüb?​ - VİDEO

Kürdəmir-Mollakənd-Zərdab yolunun 10 kilometrə yaxın hissəsinin bərbad vəziyyətə düşməsi barədə Yeniavaz.com saytında bir müddət öncə məlumat vermişdik.

Qeyd edək ki, yoldan Kürdəmirin kəndlərinə, Zərdab, Ağcabədi rayonlarına getmək üçün onminlərlə insan istifadə edir. Təmirinə dövlət büdcəsindən kifayət qədər pul ayrılan yolda görülən işlər keyfiyyətsiz yerinə yetirildiyindən məhz bu vəziyyət yaranıb. Yolun Zərdab rayonuna aid hissəsində mütəmadi təmir işləri aparıldığından sürücülər əziyyət çəkmirlər, ancaq Kürdəmir ərazisində yolun xeyli hissəsi baxımsız vəziyyətdədir, dağılıb bərbad hala düşməsi belə görünür aidiyyəti qurumları narahat etmir. Hər halda etsəydi, bir tədbir görərdilər.

Novruz bayramında rayonlara üz tutan və bu yoldan keçib gedənlər sözün həqiqi mənasında əziyyət çəkməli olublar. Bərbad yol maşınlara da ziyan vurur.

Yolun vəziyyətindən söz düşəndə ağırtonnajlı maşınların bu hala saldığı da vurğulanır. Onların da təsiri var, bunu inkar etmək olmaz, ancaq bu zaman sual yaranır: yolun Zərdaba düşən hissəsi niyə bərbad deyil? Deməli, Kürdəmirə düşən hissəsi yaxşı təmir olunmayıb, yaxud sonradan nəzarətsiz qalıb deyə pis vəziyyətə düşüb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Yeniavaz.com-un suallarına cavab olaraq bir müddət öncə bildirmişdi ki, həmin yol "Azəravtoyol" tərəfindən təmir ediləcək yollar siyahısına götürülüb: "Vəsait ayrılan kimi təmir işlərinə başlanılacaq. Yolun təmiri "Azəravtoyol" ASC tərəfindən aparılacaq".

Lakin təmirdən hələ bir səs-soraq yoxdur...

yol

DİGƏR XƏBƏRLƏR

Top