İnternat evindəki uşaqların həyat dramı - FOTOLAR

...“Atamı xatırlamıram, anam deyir ki, bizi atıb Rusiyaya gedib. Amma anam bizim üçün çox darıxır, hər ay zəng vurub vəziyyətimizlə maraqlanır. Deyir ki, Türkiyədə işləyir, onu Bakıya buraxmırlar. Anam balaca uşaqlara baxır, o olmasa uşaqlar ölərlər”...

Bunu 11 yaşlı Əli (ad dəyişdirilib) deyir. Əli Təhsil Nazirliyinin nəzdindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində oxuyur. Onunla nazirliyinin ötən həftə internatda təşkil etdiyi bayram tədbirində tanış olduq. İnternatda hazırda 154 şagird təhsil alır, onların əksəriyyəti nitq qüsurlu və nevroloji xəstəliyi olanlardır. Əli də danışmaqda çətinlik çəkir, kəkələyir. Amma gözəl rəqs edir, bir neçə müsabiqədə qalib olub...

İnternat 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Fond uşaqların yeməyindən tutmuş geyiminə qədər bütün ehtiyacları ödəyir. Məktəb nitq qüsurlu uşaqların reabilitasiyası üzrə ixtisaslaşıb. Bura qəbul nazirliyin xüsusi nəzarəti ilə həyata keçirilir.

Bir ovuc sevgi...

İnternat məktəbinin direktor müavini Kərim Dadaşov deyir ki, bəziləri anadan nitq qüsuru ilə doğulub. Bir çoxları isə ailədaxili problemlərdən sonra stress keçirib, nəticədə nitqində qüsurlar yaranıb. “Uşaqlarla loqopedlər işləyir, hətta musiqi terapiyaları var. Bəzən bir neçə müddətdən sonra qüsur aradan qaldırılır. Amma...”

Amma ondadır ki, əksəriyyətinin valideynləri boşanıb. Boşanmamış, ancaq münaqişəli ailələrdə uşaqla rəftar müəllimlərin əməyini yerə vurur. Kərim müəllim deyir ki, yalnız uşaqlarla deyil, valideynlərlə də işləməyə məcbur olurlar. “Bir də görürsən, uşağın vəziyyəti çox yaxşılaşıb, nitqi düzəlib. Həftəsonu evinə gedir, eyni problemlə geri qayıdır. Başa salırıq ki, bu uşaqlar həssasdı, onlara yalnız sevgi, qayğı lazımdı”, -müəllim əlavə edir.

Məktəbdə dərslər səhər saat 9-da başlayır, günorta 2-yə qədər bitir. Nahardan sonra məşğələlər başlayır. Təmirdən sonra uşaqlar üçün istirahət otaqları yaradılıb.

Direktor müavini əlavə edir ki, bu uşaqlarla işin məsuliyyəti böyükdür. Bəzilərinin nevroloji problemləri var, onlara elə yanaşmaq lazımdır ki, aqressiya yaratmasın: “Rəsm, şahmat məşğələləri var. Yuxarı sinif şagirdlərindən ibarət ayrıca futbol komandası yaratmışıq, yarışlarda iştirak edirlər. Bayram günlərində isə şəhər gəzintisinə çıxırıq, muzeylərə, qoruqlara gedirik. Çalışırıq ki, boş vaxtları qalmasın, onlarla maraqlandığımızı bilsinlər”.

Valideynlərin imtina etdiyi uşaq...

İnternat məktəbini bitirəndən sonra uğur qazanan, ali məktəbə daxil olan uşaqların adlarını sadalayırlar. Aralarında 630-650 balla universitetlərə qəbul olanlar da var. Direktor müavini telefondakı əsgər formalı oğlanın şəkillərini göstərir və uşağın taleyini danışır. Deyir ki, valideynləri ayrılandan sonra bu uşağın nitqində qüsur yaranmışdı. “Ailədəki münaqişədən sonra uşaq kəkələyirdi. Ana atanın uşaqla görüşməməsi üçün əlindən gələni etdi. Uşaq da valideynlərinin davasından çox təsirlənirdi, nitqi düzəlmirdi. Dəfələrlə müdaxilə etmək istəsək də, ananı razı salmaq mümkün olmurdu. Sonradan ata ailə qurdu, uşaq isə 9-cu sinfi bitirdiyindən anası ilə qalmalı oldu. Ana uşaqdan imtina etdi, ata da dedi ki, “vaxtında çox istədim, uşağı mənə vermədilər”. İnternatda çalışan müəllimlər arasında razılığa gəldik, uşağı biz himayəyə götürdük. Sonradan nitqi düzəldi, ali təhsil aldı. İndi iştirak etdiyi hər tədbirdə şəkil çəkdirir, bizə göndərir”,-Kərim müəllim fəxrlə söyləyir.

“Anam ayaqqabılarımı görüb ağladı”

Sənan (ad dəyişdirilib) valideynləri ayrılandan sonra anası ilə birgə Qubadan Bakıya köçüb. Anası Binəqədidə kirayə ev tutub, işləyir. Deyir ki, internatdakı uşaqların hər birinə 3 dəst ayaqqabı veriblər. Birini dərsə, birini məşğələlərə, birini də gəzməyə gedəndə geyir: “Anam ayaqqabılarımı görüb ağladı. Dedim ki, daha narahat olmasın, hər gün meyvə yeyirəm. Gəzməyə gedəndə qəşəng paltarlarımı da geyinirəm”.

Sənan onunla birgə oxuyan uşağı göstərir və əlavə edir ki, anası gələndə dostlarına da kiçik hədiyyə gətirir. “Mənim anam mehribandı, amma dostum anasını deyil, bibisini çox istəyir. Çünki anası ona çox qışqırır, bibisi isə başını sığallayır, yemək yedizdirir”,-deyə balaca daha şanslı olduğunu söyləyir.

Maraqlıdır ki, buradakı uşaqların əksəriyyəti müəllim olmaq istəyir, özləri kimi kiçik çiyinlərinə dərd yüklənmiş balacalara qucaq açmaq istəyirlər.Kərim müəllim əlavə edir ki, onlara heç nə lazım deyil, “başlarına sığal çəkəcək doğma əldən başqa...”.

Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top