Səməni Novruzun atributlarından biridir. Ondan hazırlanan halva isə dadı ilə fərqlənir. Yeniavaz.com xəbər verir ki, səməni halvası o qədərdə asan hazırlanan bayram təamı hesab olunmur. 30 ilə yaxındır Goranboyun Borsunlu kəndində məskunlaşan Axısqa türkləri Novruzun son çərşənbəsində bir yerə toplanaraq bu şirniyyatı hazırlayırlar. 7 günlük səməni yuyulub, ət maşınında çəkildikdən sonra tənzif vasitəsilə sıxılaraq suyu alınır. Daha sonra səməni suyu unla qarışdırılaraq yoğurulur. İti yanan ocaq üzərinə qoyulan halva 12-15 saata yaxın növbəli şəkildə qarışdırılır.
Kənd sakini Əzizə Hətəmova Yeniavaz.com saytının əməkdaşına məlumat verərək bildirdi ki, səməni halvası böyük qabda hazırlanaraq 100-ə yaxın qohum-əqrəbaya paylanır: "Bu halva o qədər də asan başa gəlmir. Bu bizim dədə-baba adət-ənənələrimizdir. 30 ilə yaxındır ki, Goranboy rayonunun Borsunlu kəndində məskunlaşmışıq. Bu günə qədər biz burada öz adət-ənənələrimizi davam etdirir, gənc nəsilə ötürürük. Bu gün bütün qohumlar-tanışlar bizim həyətə toplaşıb. Bu səməni halvasını dünən axşamdan ocağın üstünə asmışıq. 4 nəfər olmaqla 24 saat ərzində növbə ilə onu uzun çömçələrlə bulayırıq. Ən maraqlısı da hərə ürəyində bir niyyət tutub halvanın içərisinə təmiz yuyulmuş balaca bir daş parçası atır. Bunun da bir qədim rəvayəti var. Onu da deyim ki, bu səməni halvasının bişməsi üçün bir traktor qoşqusu odun işlədirik. Səməni halvası tam hazır olandan sonra 2 saat da dəmdə qalır. Şirniyyatın tam bişdiyini onun rəngi də sübut edir".
Axısqa Türkləri Cəmiyyətinin üzvü Əhməd Cabbarov Goranboyun Borsunlu kəndində 20 axısqa türkü ailəsi olduğunu bildirdi: "Əsas məqsədimiz bu qədim adət-ənənəni gənc nəsillərə ötürməkdir. Süfrə başında topalanan qohum-əqraba həm bayramlaşır, həm də səməni halavasından dadırlar".
Qeyd edək ki, səməni halvası faydalarına görə Azərbaycan mətbəxində bir sıra şirniyyatları geridə qoyur. Yaxşı bişirilmiş halva qan dövranını, insanın əhval-ruhiyyəsini də yaxşılaşdırır. Bir sözlə əsl bayram ab-havası yaradır. Biz də bu fürsətdən istifadə edib həm səməni halvasının bişirilməsini öyrəndik, həm də bu gözəl nemətin dadına baxdıq.
Esmira Hidayətova, Goranboy