Dövlət büdcəsinin 40 faizi sosial müdafiəyə, 5,1 faizi təhsil və səhiyyə yönəldilib

Bu ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 12 faiz artaraq 1 milyard 393,1 milyon manata, xərcləri isə 5,6 faiz artaraq 976,5 milyon manata çatıb. Yeniavaz.com Dövlət Statistika komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, büdcənin icrasında yaranan 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 6,9 faizini təşkil edib.

Daxilolmaların 21,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 20,9 faizi əlavə dəyər vergisi, 4,5 faizi fiziki şəxslərin gəlir vergisi, 1,4 faizi aksizlər, 11,3 faizi vergilərin digər növləri, 40,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 40,1 faizi sosial müdafiə və sosial təminat, 22,9 faizi ümumi dövlət xidmətləri, 5,1 faizi təhsil və səhiyyə sahələrinin, 4,9 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 27 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2018-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2 milyard 609,5 milyon manat, xərcləri 2 milyard 469,6 milyon manat təşkil edib, büdcənin icrasında 139,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top