Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşlarla görüşüb

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 15-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edərək onların müraciətlərini dinləyib.

Yeniavaz.com xəbər verir ki, əvvəlcə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb.

Qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, həmçinin bu şəhər və rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə vətəndaşlar əsasən təhsil haqlarının ödənilməsi, buraxılış və qəbul imtahanları ilə bağlı qəbul olunan yeniliklər, dövlət qulluğuna qəbul və digər məsələlərlə əlaqədar müraciət edib. Həmçinin, görüşdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, magistratura pilləsində təhsil, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər olub.

DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Məleykə Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top