"Azərbaycanda adı dərsdə gedib, özü ərdə olan yüzlərlə məktəbli qız var"

"Azərbaycanda abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb" başlıqlı xəbər artıq bir neçə gündür gündəmi zəbt edib. Lakin bu qədər məktəblinin abort etdirməsi ilə bağlı rəsmi statistikanın olmamasını əsas gətirib reallığı əks etdirmədiyini bildirən və bu açıqlamanı verən təhsil eksperti Kamran Əsədovu tənqid edənlər də az deyil.

Yeniavaz.com saytı məsələ ilə bağlı adıçəkilən təhsil ekspertinin mövqeyini öyrənib.

"Axı Dövlət Statistika Komitəsinin belə bir rəsmi məlumatı yoxdur, nəyə əsaslanıb belə açıqlama vermisiniz?" sualımıza Kamran Əsədovun cavabı belə oldu: "Söhbət məktəb yaşlı qızlardan gedir. Mən sizə adi bir şey deyim - "google" axtarış saytında "abort edilən məktəblilər" yazın və görün 2011-ci ildən 2016-cı ilədək nə qədər rəqəm çıxacaq? Azərbaycanda erkən nikahın yaşı 18-dir. UNİCEF ölkəmizlə bağlı məlumat yayıb, hər il 5600, minimum 5000 nəfər erkən nikaha daxil olur, yəni 14, 15, 16 yaşlarda. "Təhsil Haqqında" Qanuna görə 14, 15, 16 yaşlı qızlar əslində 9, 10, 11-ci siniflərdə oxumalıdırlar. Amma hamısı oxuyurlar, oxumurlar bu haqda məlumat yoxdur. Sadəcə jurnalist məsələni konteksdən çıxarıb və IP xətrinə verib. İfadə budur - "məktəb yaşlı, yəni əslində 9, 10,11-ci siniflərdə oxumalı olan qızlar".

Statistikada göstərilir ki, Azərbaycanda 18 yaşında 2500 nəfər abort etdirib. Axı bunlar 1 gün ərzində hamilə qalmayıblar, 1 hissəsi 17 yaşında hamilə olub ki, 18 yaşında abort etdirib. 17 yaşında məktəbdə olmalı idi bu insan. Məsələ budur. Bir daha vurğulayıram, 5600 erkən nikah var. Bunu mən demirəm, bunu UNİCEF deyir, bunu rəsmi qurumlar deyir.

Amma mən bir məsələni də əminliklə deyirəm - adı məktəbdə olub, özü məktəbə getməyən yüzlərlə "şagird" var, evlidirlər. Adı rayon məktəbində gedən, özü Bakıda hazırlaşan nə qədər uşaq var. Mən deyirəm ki, Təhsil idarələri, məktəb direktorları nəzarət eləmirlər, nəzarətsizlik baş alıb gedir. Mən deyirəm nəzarəti itirmişik, problem var. Arqumentə cavab vermirlər, yazırlar ki, o adam şou göstərir. Mənim ehtiyacım varmı buna, özümün işim-gücüm...

Deyirlər "1200 deyil, 300 nəfər abort edib", azdırmı bu qədər?

Necə olur ki, rəsmi statistikaya görə, 17 yaşda 19 nəfər abort etdirir, 18 yaşdan sonra 2500? Statistika reallığı əks etdirmir. Yaxşı mən səhv deyirəm, onda siz düzünü deyin də.

2015-ci ildə məktəblilərin abortu ilə bağlı saytlarda məlumat yayıldı, ancaq heç kim reaksiya vermədi. Etiraf etdiyiniz 19 nəfərdi, etiraf etmədiyiniz nə qədərdi?

18 yaşda 2500 nəfər abort etdiribsə, onlar neçə yaşda hamilə qalıblar? Saytın səhvi onda idi ki, götürüb yazıb 1 il ərzində. Mən 1 il deməmişəm, söhbət 2011-ci ildən 2016-cı ilə qədər olan məlumatlardan gedir. Hörmətli akademikimiz Ramiz Mehdiyev 2015-ci ildə dedi ki, filan rayonlarda qızların təhsilə cəlb olunması 21-31 faizdir. Daha başqa nə desin, statistikası var ortada. Məsələ budur".

9-cu sinif buraxılış imtahanında şagirdlərin 75 faizinin Riyaziyyat fənnindən 2 qiymət alması barədə də saytlarda məlumat yayılıb. Kamran Əsədov bu barədə açıqlama verdiyini, ancaq fikirlərinin konteksdən çıxarıldığını bildirib: "Mən 2017-ci ili demişəm, saytlar 2018-ci ili yazıblar. Həqiqətən, 75 faiz 9-cu sinif şagirdi 2 alıb. Hətta demişəm ki, 2018-ci ildə ondan da betər olacaq. Sadəcə fikrimi konteksdən çıxarıb yazıblar".

DİGƏR XƏBƏRLƏR

Top