Azərbaycan ərazilərinin işğalı nəticəsində dəymiş maddi ziyan açıqlandı - 818 milyard 880 milyon dollar

İlkin hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.

Bunu Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev 1918-ci il - Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər sülh və insanlıq əleyhinə, eləcə də müharibə cinayətləri törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

E.Tağıyev bildirib ki, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib. Trend

DİGƏR XƏBƏRLƏR

Top