Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 martda keçirilən növbəti hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir.
Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si Səbail rayonunda yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron rayonundadır. Səbail rayonunda yerləşən, ümumi faydalı sahəsi 116.5 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar.
Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də sahibini tapıb. Özəlləşən avtomobillər 2007-ci il istehsalı olan "Fiat Albeo" və "Fiat Doblo", buraxılış tarixi 2006-cı il olan "Nissan Maxima"dır.