
Nüfuzlu Stokholm Dünya Problemlərinin Araşdırılması İnstitutu (SIPRI) son iki beşillikdə silah ixracınının statistikasını təqdim edib.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, 2008-2012-ci illərlə müqayisədə Rusiyanın bu bazarda payı 2013-2017-ci illərdə 4 faiz azalıb, hərçənd ABŞ-ın payı isə 4 faiz artıb.
SIPRI-nin məlumatına əsasən, 2013-2017-ci illərdə silah bazarı 2008-2012-ci illərlə müqayisədə 10 faiz artıb. Silah ixracı üzrə ən böyük beş ölkə ABŞ, Rusiya, Fransa, Almaniya və Çindir.
Satışların 74 faizi bu ölkələrin payına düşür. İri silah idxalçıları isə Hindistan, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Çin olublar. Onlar satılan silahların 35 faizini alıb.
Ötən 5 il ərzində ABŞ-ın silah bazarında payı 4 faiz artaraq 34 faiz təşkil edib. ABŞ-ın əsas müştəriləri Səudiyyə Ərəbistanı (tədarüklərin 18 faizi), BƏƏ (7,4 faiz) və Avstraliyadır (6,7 faiz). Rusiyanın payı isə əksinə 4 faiz azalaraq 22 faizə düşüb. Rusiyanın əsas müştəriləri Hindistan (35 faiz), Çin (12 faiz) və Vyetnamdır (10 faiz).
Tətbiqimizi yükləyə bilərsiniz