Xaricdən gətirilən buğdanın 14% ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi?

Bu ilin ilk 2 ayı ərzində xarici ölkələrdən Azərbaycana 215,3 min ton buğda idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 70% və ya 89 min ton artıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın buğdaya olan tələbatı əsasən idxal hesabına formalaşır. Azərbaycanda buğdaya olan illik tələbat təxminən 1,5 milyon tona bərabər olduğunu nəzərə alsaq, ilk 2 ay ərzində idxal olunan buğda illik tələbatın təxminən 1/7-ə bərabərdir. Bu səbəbdən də idxal buğdanın qiyməti daxili bazarda qiymətlərin formalaşmasında həlledici olur.

Qeyd edək ki, bu ilin ilk 2 ayı ərzində idxal olunan 1 kiloqram buğdanın gömrük dəyəri 17 sent və ya mövcud məzənnə (1,7 $/azn) ilə 29 qəpiyə bərabər olub. Ötən ilin eyni dövründə idxal polunan buğdanın 1 kiloqramının gömrük dəyəri isə 19 sent və ya o zamankı məzənnə (1,75 $/azn) ilə 33 qəpik olub. Rəqəmlərdən də göründüyü kimi ölkəyə xaricdən gətirilən buğdanın dəyər ötən illə müqayisədə 14% ucuzlaşıb.

Bəs görəsən, xaricdən gətirilən buğdanın 14% ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi? Bu sualın cavabını isə yaxın aylarda marketlərdə satışa çıxarılacaq çörəyin qiymətindən öyrənmək olacaq...

DİGƏR XƏBƏRLƏR

Top