220 saylı məktəbin laborantının Təhsil İdarəsinə ittihamları ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu günlərdə mətbuatda Bakıda fəaliyyət göstərən 220 saylı məktəb-liseyin laborantı Nəzrin Əhmədovanın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sərt ittihamları yayımlanmışdı. Nəzrin Əhmədova Yeniavaz.com saytına açıqlamasında isə məktəb-liseydə baş verən hadisələrlə bağlı izahatı alınması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırıldığını, lakin ona təzyiq edildiyini bildirmişdi: "Məni əvvəlcə daxili nəzarətin rəhbəri Sərxan müəllim qəbul etməli idi. Onun işi olduğu üçün məni digər əməkdaş Nazim Bağırovun otağına göndərdilər. Nazim müəllim mənə dedi ki, məktəbdə baş verən hadisələrlə bağlı izahat yazım. Lakin qarşıma şərt qoydu ki, izahatı onların dediyi kimi yazmalıyam. Əlbəttə, buna etiraz etdim. Məndən haqq istədilər və mən də haqqı danışmağa başladım. Bu onların xoşuna gəlmədi, əsl sifətlərini nümayiş etdirərək təzyiq etməyə başladılar".

Nəzrin Əhmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaşadıqlarından sarsıntı keçirdiyini bildirmişdi: "Səhhətimdə problemlər yaranıb. Heç kimin haqqı yoxdur ki, bir insana bu boyda sarsıntı yaşatsın. Onlar israr edirdilər ki, mən bizim məktəbin direktor müavini Zeynəb Rzayeva haqqında cümlələr yazım. Niyə yazmalıyam?".

Yeniavaz.com saytı olaraq səsləndirilən ittihamlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərmişdik.

Artıq sorğumuza idarədən cavab verilib. Əlavə şərh vermədən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sorğumuza cavabını olduğu kimi təqdim edirik: "Öncə qeyd edək ki, Nəzirə Əhmədova 220 nömrəli məktəb-liseyin laborantı deyil, kiçik xidmətedici işçisidir (xadimə). Onun ittihamları və məqalədə qeyd edilənlər əsassızdır.

Nəzirə Əhmədova əvvəllər guya laborant kimi işə götürüldüyünü bildirib. Bu müddət ərzində N. Əhmədova təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Rzayevanın köməkçisi kimi fəaliyyət göstərib, qeyri-qanuni şəkildə dərs əvəzetmələrində iştirak edib. O, laborantların işə qəbulu imtahanında iştirak etsə də, müvafiq balı toplaya bilməyib. Daha sonra isə N. Əhmədova kiçik xidmətedici işçi (xadimə) kimi vəzifə funksiyalarını yerinə yetirməkdən imtina edib.

Hazırda 220 nömrəli məktəb-liseydə baş verən məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də müvafiq araşdırmalar aparılır".

DİGƏR XƏBƏRLƏR

Top