Xaricə təbii qazdan 2 dəfə artıq meyvə-tərəvəz satmışıq

Əvvəlki illərdə olduğu kimi 2018-ci ilin yanvar-fevral aylarında da xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 1 milyard 827,3 milyon dollar dəyərində 3 milyon 648,8 min ton xam neft göndərilib ki, bu da ümumi ixracın 82,7%-ni təşkil edib.

Xam neftdən sonra xarici ölkələrə ən çox neft məhsulları satılıb. İxrac olunan neft məhsullarının dəyəri isə 107 milyon dollar təşkil edib. Neft məhsulları ilə bərabər xarici ölkələrə təbii qaz da ixrac edilib ki, onu da dəyəri 29,4 milyon dollara bərabər olub.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə 58,4 milyon dollar dəyərində meyvə-tərəvəz, 20,7 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 23,9 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 9,7 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 2,4 milyon dollarlıq şəkər, 6,6 milyon dollarlıq kimya sinayesi məhsulları, 20,3 milyon dollarlıq elektrik enerjisi, 3,4 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, yanvar-fevral aylarında pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. 2018-ci ilin ilk 2 ayı ərzində xarici ölkələrə 10,1 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top