Azərbaycan ət, süd və yumurta istehsalına görə MDB-də neçəncidir?

Bu ilin yanvar ayı ərzində Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında süd istehsalı ən az Azərbaycanda artıb. Yeniavaz.com-un Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanda ötən ilin yanvar ayı ilə müqayisədə süd istehsalı 0,6% artaraq 151,1 min tona çatıb. Ən yüksək artım Belarusda olub - 4,7%. Bu ölkədə ilin ilk ayında 589,5 min ton süd istehsal olunub. Ukrayna və Ermənistanda süd istehsalı müvafiq olaraq 0,7% və 8,5% azalıb. Digər MDB ölkələrində isə süd istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə azalmayıb. Süd istehsalı Tacikistanda 4,3%, Qazaxıstanda 2,4%, Qırğızıstanda 2,1%, Rusiyada isə 3,2% artıb. İstehsal olunan südün miqdarına gəldikdə isə qeyd edək ki, ən çox süd Rusiyada istehsal edilib. Şimal qonşumuzda ilin ilk ayı ərzində 2 milyon 21,2 min ton süd istehsal olunub. Belarusdan sonra 3-cü sırada Ukrayna qərarlaşıb - 573,2 min ton. Qazaxıstanda bu göstərici 231,1 min ton, Qırğızıstanda 75,6 min ton, Tacikistanda 56,8 min ton, Ermənistanda isə 27,9 min ton təşkil edib.

Süd istehsalından fərqli olaraq yumurta istehsalında digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda daha yüksək artım tempi müşahidə olunub. Yumurta istehsalındakı artım tempinə görə 2-ci sırada qərarlaşmışıq. Ötən ilin ilk ayına nisbətdə bu ilin yanvar aylarında Azərbaycanda yumurta istehsalı 16% artaraq 168,6 milyon ədəd olub. Yumurta istehsalını ən çox artıran ölkə Qazaxıstan olub - 19,3%. Bu ölkədə 1 ay ərzində 405 milyon ədəd yumurta istehsal edilib. Rusiyada artım 0,9% (3 milyard 626,6 milyon ədəd), Ermənistanda 4,6% (27,1 milyon ədəd), Qırğızıstanda 8,6% (27,2 milyon ədəd), Tacikistanda 10,5% (29,4 milyon ədəd), Belarusda 2,1% (273,2 milyon ədəd), Ukraynada isə 2,5% (1 milyard 81,4 milyon ədəd) olub. Bu ilin yanvar ayında MDB-yə üzv olan ölələrin heç birində yumurta istehsalı azalmayıb.

Ət (quş əti daxil) istehsalındakı artım tempinə görə isə Azərbaycan 5-ci sırada qərarlaşıb. Bu ilin yanvar ayında Azərbaycanda 39,4 min ton ət istehsal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ət istehsalı 3,4% artıb. MDB-yə üzv olan digər ölkələrdə isə ət istehsalı belə olub: Ermənistanda 2,8 min ton (artım 12%), Belarusda 146,3 min ton (10,9%), Rusiyada 1 milyon 117,6 min ton (7,4%), Tacikistanda 12 min ton (5,1%), Qazaxıstanda 123 min ton (4,2%), Qırğızıstanda 29 min ton (2%), Ukraynada isə 300 min ton (0,4%).

DİGƏR XƏBƏRLƏR

Top