MDB ölkələrində işsizlərin sayı açıqlandı - SİYAHI

Azərbaycan iqtisadi fəal əhalinin 0,7%-i və ya 38 min nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Yeniavaz.com Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, fevral ayının əvvəlinə olan məlumata görə işsiz kimi qeydiyyata alınan vətəndaşların sayı baxımından ən yaxşı vəziyyət Belarusda qeydə alınıb. Belarusda iqtisadi fəal əhalinin 0,5%-i işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Bu ölkədə işsiz statusu alanların sayı 23,8 min nəfər olub. Birliyə üzv olan ölkələr arasında işsizlərin sayına görə ən acınacaqlı vəziyyət Ermənistanda qeydə alınıb. Bu ölkədə işsiz kimi qeydə alınan vətəndaşların sayı isə 69,8 min nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 5,6%-ni təşkil edir.

MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə bildirək ki, Azərbaycan və Belarusdan sonra ən aşağı işsizlik səviyyəsi Qazaxıstan və Rusiyada qeydə alınıb. Belə ki, Qazaxıstanda iqtisadi fəal əhalinin 1%-i və ya 92,6 min nəfəri, Rusiyada isə 1%-i və ya 778 min nəfəri işsiz kimi qeydiyyata alınıblar. Bunlardan başqa Moldovada iqtisadi fəal əhalinin 1,8%-i və ya 23,5 min nəfəri, Tacikistanda 2,1% və ya 49,7 min nəfəri, Qırğızıstanda 2,3%-i və ya 58,9 min nəfəri işsiz hesab olunur.

MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqlamasında üzv ölkələrdə müvafiq dövlət orqanları tərəfindən elan olunan vakant iş yerlərinin sayı barədə məlumat da yer alıb. Ermənistanda vakant iş yerlərinin sayı Azərbaycanla müqayisədə təxminən 8,2 dəfə azdır. Belə ki, Azərbaycanda 14 min, Ermənistanda isə cəmi 1,7 min vakant iş yeri elan olunub. Məlumat üçün xatırladaq ki, bu rəsmi dövlət orqanları tərəfindən elan olunan vakant iş yerləridir.

Ümumiyyətlə rəsmi şəkildə qeydiyyatda olan işçilərin sayını nəzərə alsaq ən çox vakant iş yeri Rusiyadadır. Rusiyada vakant iş yerlərinin sayı işsizlərin sayından çoxdur. 778 min nəfər rəsmi işsizin olduğu Rusiyada 1 milyon 377,2 min vakant iş yeri mövcuddur. Belarusda isə vakant iş yerlərinin sayı işsizlərin sayından təxminən 2 dəfə çoxdur - 54,3 min vakant iş yerinə qarşı 23,8 min rəsmi işsiz. Ölkəmizdə 38 min nəfər rəsmi işsiz və 16,4 min vakant iş yerinin olduğunu nəzərə alsaq vakant iş yerlərinin sayı işsizlərin sayından cəmi 2,3 dəfə azdır. Müqayisə üçün bildirək ki, Ermənistanda bu göstərici 45 dəfəyə bərabərdir. Belə ki, Ermənistanda 69,8 min rəsmi işsizə qarşı cəmi 1,7 min vakant iş yeri var.

DİGƏR XƏBƏRLƏR

Top