8 Martla əlaqədar Antalyadan 48 ölkəyə 80 milyon gül göndərilib

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Antalyadan dünyanın 48 ölkəsinə 80 milyon ədəd kəsilmiş gül tədarük edilib. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Gül və Dekorativ Gül İxracatçıları Assosiasiyanın rəhbəri Osman Bağdatlıoğlu deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə ilin əvvəlindən gül ixracı təqribən 50 faiz artıb: “Yanvar-fevralda Türkiyənin kəsilmiş gül ixracı 24 milyon dollar təşkil edib. İxracı ilin sonunadək 100 milyon dollaradək çatdırmağı planlaşdırırıq. Məhsulumuzun əsas idxalçıları Niderland və Böyük Britaniyadır”. O. Bağdatlıoğlu vurğulayıb ki, Türkiyənin kəsilmiş gülləri yenidən Rusiya bazarına qayıdıb: “Rusiya Türkiyədən kəsilmiş gül idxal edən ölkələrin siyahısında 16-cı yeri tutur”. Assosiasiya sədri əlavə edib ki, Polşaya kəsilmiş gül ixracları 378 faiz artıb. O diqqətə çatdırıb ki, Antalya kəsilmiş güllərin əsas istehsalçı mərkəzidir və istixanalarda əsasən qadınlar işləyirlər: “Bu sektorda təqribən 25 min nəfər, o cümlədən təxminən 20 min qadın işləyir”.

DİGƏR XƏBƏRLƏR

Top