Səmərəsiz istifadə olunan 255 min hektar torpaq geri qaytarılıb

50 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci il ərzində ümumilikdə 101 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilməsi də bu sahədə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Ötən il kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə 177 min ha yaxın torpaq sahəsi də hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazi 28 Aqropark və 13 iri təsərrüfatın yaradılmasına imkan verib.

Bu istiqamətdə həyata keçirilən monitorinqlərdə məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istifadə olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və qum-çınqıl karxanaları və sair obyektlər yaradılır.

Ümumilikdə aparılan monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 2500-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilmişdir.

Ötən illər ərzində aparılan monitorinq zamanı 8 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 26 minə yaxın kateqoriyasına uyğun olmayan tiklilərin inşa olunduğu müəyyən edilib.

Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 44 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmuş, 15 hal üzrə sənədlər aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top