"Azərbaycanda insanlar qazdan qorxu hissini itirib" - Nüsrət Qasımovdan həyəcan təbili

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda bir evdə 6 meyit tapılıb. "Sülh" küçəsində yerləşən mənzildə yaşayanlar bir ailənin üzvləri olublar. Hadisənin baş verməsinə səbəb dəm qazından zəhərlənmə olub. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

"Azəriqaz" Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Yeniavaz.com saytına Sumqayıtdakı hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib: "Ötən ildən Nazirlər Kabinetinin qərarı var, binalarda profilaktik yoxlamaları Fövqəladə Hallar Nazirliyinə həvalə ediblər. Sumqayıtdakı hadisə ilə bağlı mən konkret nə isə demək istəmirəm, çünki hazırda orada komissiya işləyir, mənim nə isə deməyim komissiyanın işinə müdaxilə kimi qiymətləndirilə bilər".

"Hərə əlinə bir çemodan alıb düşüb camaatın canına"

Dəm qazından ölüm hallarının artmasına münasibət bildirən Nüsrət Qasımov bu sahədə hərc-mərcliyin baş alıb getdiyini bildirdi: "Əvvəla, Azərbaycanda insanlar qazdan qorxu hissini itirib. İstehlakçılar qorxmurlar, necə yol hərəkəti qaydalarına hörmət etmirlər, elə də "Qazdan təhlükəsiz istifadə qaydaları"na əməl eləmirlər, qorxmurlar.

Azərbaycanda çox mükəmməl "Qazdan təhlükəsiz istifadə qaydaları" var. Neçə illərdir deyirəm ki, qazla zarafat olmaz. Qazı yanılı qoyub yatmayın. Qazı kim gəldi ona etibar etməyin. Qaz işi ilə məşğul olan ustaların sertifikatı, lisenziyası olmalıdır, onlar imtahan verməlidirlər. Onlar bilməlidirlər ki, metan qazının xüsusiyyətləri nədir. Amma çox təəssüf ki, pulsuzluqdan indi hərə əlinə bir çemodan alıb düşüb camaatın canına. Biri "kalonka" quraşdırır, biri batareya, digəri qaz xətti çəkir. Olmaz ay qardaş, olmaz".

"Bu vəziyyətdə insan 7 dəqiqənin içərisində ölə bilir"

Nüsrət Qasımov deyir ki, əgər bir otağa 4,5 faiz metan qazı yığılırsa, artıq partlayış üçün hazırdır: "Bunu ustalar bilmirlər. 99 faiz ustanın bundan xəbəri yoxdur. Ona görə də onlara etibar etmək düzgün deyil. Dəfələrlə maarifləndirmə işləri aparmağımıza baxmayaraq, yenə hərə öz bildiyini edir. Hamamxanaların standartı, norması var. Harada su qızdırıcı quraşdırmaq olar, harada olmaz - bunlara əməl olunmalıdır.

Hamam otağının həcmi 7,5 kubmetr olmalıdır, hündürlüyü 2,2 metr olmalıdır. Qapının aşağısında 2,5 santimetr diametrində dəliklər olmalıdır.

Bu ondan ötrüdür ki, 7,5 kubmetrlik otaqdakı hava yanıb qurtarandan sonra ora yenidən hava daxil olsun. Həmin hava qapının aşağısındakı deşiklərdən daxil olur. 1 kubmetr qazın təmiz yanması üçün 9,5 kubmetr hava lazımdır. Bu olmayanda, çatışmayanda karbon 4 oksid əvəzinə zəhərli karbon mono-oksid ayrılır. Əgər o da otağa 0,1 faiz yığılırsa, orada nəfəs alan insan 7 dəqiqənin içərisində ölə bilir".

"Zirzəmilərin hamısında detektor olmalıdır"

"Bu yaxınlarda "Femida" qəzetinin baş redaktoru Əyyub Kərimov da dəm qazından dünyasını dəyişdi. Demək olmaz ki, Əyyub müəllim qanunu yaxşı bilmirdi, bilir, amma riayət etmək lazımdır, qazdan qorxmaq lazımdır. Qaz mina kimi bir şeydir, yüksək təhlükə mənbəyidir. Ona görə də biz qazla bir az ehtiyatlı davranmalıyıq. Qaz təhlükəsizliyi ilə bağlı tələblərə riayət etməliyik. Öz səhlənkarlığımızdan başımıza iş açırıq. Biri gedir qarajda minir maşına, işə salır və dəm qazından boğulur. Benzinin, neftin, odun kömürünün, daş kömürünün tam yanmamasından dəm qazı əmələ gəlir. Dəm qazı karbon mono-oksiddir və zəhərli qazdır. Müasir cihazlar var, qazın molekullarını təyin edir. Qaz sızanda həmin cihazlar siqnal çalır. Çox təəssüf ki, bizim hörmətli vətəndaşlarımız 1 milyonluq, 2 milyonluq villa tikdirirlər, amma 30-40 manat verib bir detektor alıb qoymurlar. Zirzəmilərin hamısında detektor olmalıdır. Siqnal aparatı olmalıdır ki, yanğın olanda dərhal siqnal çalsın. Qabaq belə işlərə çox fikir verirdilər. İndi nə qaz nəzarəti fikir verir, nə də başqa qurumlar. "Azəriqaz" isə evin girişinədək cavabdehdir. Bax belə hərc-mərclikdir. Bir adam məşğul olmur ki, görək bu tüstü bacalarını kim təmizləyir, sonuncu dəfə nə vaxt təmizləyiblər, hansı qurum təmizləyir".

Ekspert tüstü bacalarının təmizlənməməsi ilə bağlı həyəcan təbili çalır: "İldə 1 dəfə qızdırıcı cihazların tüstü bacası yoxlanmalıdır, rübdə 1 dəfə də su qızdırıcılarının. Nə yoxlayan var, nə gələn var, nə də soruşan. Heç ev sahibi özü də maraqlanmır ki, axı bu tüstü bacası nə vaxt təmizlənib?".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top