Bakının bu ərazilərində hər həftə qaz xəttindən 15-20 dəqiqə hava gəlir - VİDEO

Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində hər həftə mənzillərə qazın verilməsində fasilə olur. Bu barədə Yeniavaz.com saytına həmin küçədə yaşayan sakinlər məlumat veriblər. Onların dediklərinə görə, həm yay, həm də qış aylarında eyni vəziyyətdir.

Sakinlər bildiriblər ki, bu problem rayonun Gəncə prospektində də yaşanır: "Qazın səhərdən axşamacan kəsilməsi artıq bizim üçün adi haldır. Qış, yay fərq etmədən. Hər dəfə axşam ailəcə oturub qazın gəlişini səbirsizliklə gözləyirik. Növbəti addımda kimsə qazı açıb "hava"sını buraxmalıdır. Bu havanın buraxılma prosesi 10-20 dəqiqə çəkir (qonşuların "buraxdığı" havadan asılı olaraq)".

"Bəzən ayda bir dəfə hansısa ərazidə təmirlə əlaqədar qaz kəsiləndə, qaz xəttindən hava gələndə insanlar narazılıq edirlər. Ancaq bizdə hər həftə eynidir. Daha nə qədər olar? Hər dəfə normal qazın gəlməsi üçün qazı açıb havasını buraxırıq, məlumdur ki, bu zaman sayğac işləyir, pul yazır. Hər həftə belə olanda görün il ərzində nə qədər əlavə pul yazılır",-deyə sakinlər bildiriblər.

Onlar dediklərinə sübut olaraq prosesi əks etdirən videonu da saytımıza göndəriblər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin münasibətini öyrənmək məqsədi ilə qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq.

İbrahim Kərbalayev: "Dünən Bakının Xətai və Nizami rayonunda təbii qaz təchizatının dayandırılması ilə bağlı biz əvvəlcədən məlumat vermişdik. Səbəb istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz əldə etmək imkanının artıtılması məqsədi ilə aparılan təmir işləri və bir də yeni yaşayış binasına qaz verilməsi ilə bağlı idi. Göstərilən müddət ərzində işlər yekunlaşdırılandan sonra qaz təchizatı bərpa olunub",-dedi.

İbrahim müəllimə xatırlatdıq ki, sakinlər sözügedən ünvanda qazın hər həftə kəsildiyini bildirirlər. Ancaq "Azəriqaz" rəsmisi belə bir şeyin mümkün olmadığını dedi: "Hansısa ərazidə müəyyən bir səbəbdən qaz kəsiləndə biz öncədən mütləq məlumat veririk. Həmin ünvanlarda yay və qış fəsillərində hər həftə qazın kəsilməsi mümkün deyil".

İbrahim Kərbalayev sakinlərin "15-20 dəqiqə hava gəlir" fikirləri ilə də razı deyil: "Elə söhbət yoxdur. Qaz təchizatında müəyyən işlər apardıqdan, təhlükə yaradan hissə yenisi ilə əvəz edildikdən sonra xəttə kənardan hava vurulmur. Daxildə olan hava üfürülərək çıxardılır və mənbəyə qoşularaq qaz təchizatı təmin olunur. Bir daha qeyd edirəm - zərurət yarandıqda əvvəlcədən məlumat verilir və qaz təchizatı ilə bağlı işlər aparılır. Ancaq bunun yay və qış boyu hər həftə aparılması mümkün olası iş deyil. Belə bir şey yoxdur".

Nicat

qaz-hava

DİGƏR XƏBƏRLƏR

Top