Putin Şərqi Quta ilə bağlı göstəriş verdi

Dinc sakinlərin çıxması üçün Suriyanın mühasirədə olan Şərqi Quta bölgəsində humanitar dəhliz açılacaq.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, humanitar dəhlizin koordinatları yaxın vaxtlarda açıqlanacaq.

S. Şoyqu qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Şərqi Qutanın dinc sakinləri arasında qurbanların olmaması məqsədilə fevralın 27-dən etibarən hər gün saat 09:00-dan 14:00-dək humanitar fasilə tətbiq ediləcək.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Şərqi Qutada yaşanan insanlıq dramı səbəbilə Suriyada 1 ay ərzində keçərli olacaq atəşkəsin elan edilməsini nəzərdə tutan 2401 saylı qətnamə qəbul edib.

Dəməşqin şərqində yerləşən Şərqi Quta 2012-ci ildən bəri müxaliflərin nəzarətindədir. Suriya rejiminin son bir neçə gün Şərqi Qutaya havadan və qurudan endirdiyi zərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top