Gəncədə Xocalı qurbanları anılıb

Gəncədə “Xocalı faciəsi” nin 26-cı ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib.

Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt silinməyəcək. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib. Ümummilli Liderin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, o cümldən ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Sonra icra başçısı Elmar Vəliyev sakinlər ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top