"khojali.com"u 2495 dollara satışa çıxarıblar - FOTOFAKT

Xocalı soyqırımının baş verməsindən 26 il ötür və bu illər ərzində heç bir dövlət 1992-ci ilin fevral ayının 26-da Xocalıda baş verənləri soyqırım olaraq tanımayıb. Dünya dövlətlərinin bugünə kimi Xocalı soyqırımını tanımamasında erməni diasporasının əks-fəaliyyəti ilə bərabər azərbaycan diasporunun bu sahədəki fəaliyyətsizliyi də əsas səbəblərdən biri olub.

Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) imkanlarında geniş şəkildə istifadə olunmur. Məsələn, hər kəsə məlumdur ki, dünyada ən geniş yayılmış və eyni zamanda da ABŞ, İngiltərə kimi inkişaf etmiş bir-neçə dövlətin rəsmi dövlət dili olan ingilis dilində "Xocalı" sözü "Khojali" olaraq ifadə olunur. Lakin, təəssüflə qeyd etməliyik ki, hazırda "khojali" sözü ilə başlayan heç bir veb-sayt fəaliyyət göstərmir.

Onu da qeyd edək ki, "khojali" adı ilə başlayan və birinci dərəcəli domenə sahib veb-saytlara nəzər saldığımız zaman belə görünür ki, yalnız "com" domeni satın alınsa da fəaliyyət göstərmir.

Mövzu ilə bağlı maraqlı məqamlardan biri də odur ki, hazırda dünyada ən populyar domen olan "com"a sahib olan "khojali.com" adının olduqca yüksək qiymətə satışa çıxarılmasıdır.

Bildiyimiz kimi, hazırda "com" domenlərinin təxmini satış qiyməti 10 dollar (17 manat) təşkil edir. Ancaq satışa çıxarılan "khojali.com" nə az-nə çox düz 2495 dollar qiymət qoyulub. Satış elanında eyni zamanda "khojali.com"un "24 aylıq ödəniş şərti" ilə də satıla biləcəyi qeyd olunub.

Qeyd edək ki, bu adın kimə məxsus olduğuna baxdığımız zaman məlum olur ki, "khojali.com"un sahibi mərkəzi ABŞ-da yerləşən və domen satışı ilə məşğul olan Hugedomains" şirkətidir. Qeydiyyat ünvanı kimi, ABŞ-ın Denver şəhəri göstərilir və "khojali.com"un 4 ildir satın alındığı qeyd olunur.

Onu da bildirək ki, hazırda yalnız ikinci dərəcəli - "org.az" kimi domen uzantısı ilə başlayan və həvəskar şəkildə hazırlanmış "khojaly.org.az" veb-saytı mövcuddur. Təəssüf ki, "com", "org", "net" kimi əsas domenlər ilə başlayan bir dənə də olsun veb-sayt fəaliyyət göstərmir. Hətta milli domenimiz olan "az"la başlayan veb-saytlar belə yoxdur.

"khojali" və ya "khojaly" adlı veb-saytlar olmadığı kimi, sosial şəbəkələrdə də bu adla başlayan böyük səhifələr mövcud deyil. Bu adla başlayan səhifələrin cəmi bir-neçə yüz insan tərəfindən təqib edilməsi onu göstərir ki, bu səhifələr də yalnız hansısa şəxs tərəfindən həvəskar şəkildə idarə olunur.

"khojaly.com" domeninin isə 7 ildir Türkiyənin Konya şəhərində qeydiyyatda olduğu göstəriən Jabir Humbatov (Cabir Hümbətov) adlı şəxs tərəfindən satın alındığı göstərilir. Təəssüf ki, digər domenlər kim bu domen də Xocalı soyqırımının təbliğatında heç bir işə yaramır.

Məlumdur ki, domen adlarını ucuz qiymətə (10 dollar) satın alıb, sonradan baha qiymətə satmaq hazırda ən geniş yayılmış biznes növlərindən birinə çevrilib. Lakin, "khojaly.com" adının belə bir biznesdə istifadə olunması və 7 ildir bu cür əhəmiyyətli bir "adın" məşğul edilərək fəaliyyətsiz bir şəkildə saxlanıması ən azından başa düşülən deyil.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu sahədəki problemimiz təkcə "khojali" və ya "khojaly" adları ilə başlayan domenlərlə bağlı deyil. Hazırda "xocali" adı ilə başlayan domen adlarından yalnız "com", "org" və "net" domen sonluqlarının satın alındığı qeyd olunur. Bunlardan isə yalnız "xocali.org" saytı fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top