"Bazarstore"un "Bizim market" şəbəkəsini alması iddialarına CAVAB

"Azərsun Holding"ə daxil olan "Bazarstore" marketlər şəbəkəsinin ölkənin digər populyar supermarketlər şəbəksindən biri olan "Bizim Market"i alması barədə saytlarda xəbər yayılıb. Yeniavaz.com saytı yayılan məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək məqsədi ilə adıçəkilən tərəflərin mövqeyini öyrənməyə çalışıb.

"Azərsun" Holding"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bu barədə açıqlama vermək istəmədiklərini bildirib: "Bu məlumat bizim tərəfimizdən yayılmayıb ki, ona təkzib verək. Biz bu barədə açıqlama vermək istəmirik. Qoy qarşı tərəf özü məlumatı təkzib etsin".

"Bizim Market"in marketinq şöbəsinin rəhbəri Samir Hidayətov isə yayılan məlumatların əsassız olduğunu deyib: "Yalan məlumatdır. Bu xəbəri nəyin əsasında yayıblar bilmirəm. Məlumatı yazan jurnalistə zəng vurub soruşuram ki, "nəyin əsasında belə xəbər yazmısan", deyir "camaat belə danışır". Hazırda vəkilimiz bu məsələni araşdırır və əsassız məlumatı yayan sayt və jurnalist məhkəmə qarşısında cavab verməli olacaq. Çünki bu əsassız məlumatla "Bizim market"ə zərər vurublar. "Bizim market" nəinki satılmır, əksinə, filiallarının sayını artırır. İlin sonunadək 20-ci supermarketimizi açmağı hədəfləyirik. 2 gün sonra Zabratda yeni supermarketimiz fəaliyyətə başlayacaq. Ondan sonra isə metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında hipermarketimizin açılışı olacaq. Onu da qeyd edim ki, digər iri supermarketlər şəbəkələrindən fərqli olaraq bizim heç bir filialımız icarə götürülmüş yerdə yerləşmir, hamısı özümüzündür".

Samir Hidayətovun fikrincə, bu xəbərlərin məqsədli şəkildə ortaya atılması da mümkündür: "Ola bilsin, "Bazarstore" bu xəbərin yayılmasında maraqlıdır. Bir daha qeyd edirəm, bunlar hamısı araşdırılır.

Təxminən 1 ay əvvəl isə "Bizim market"lər şəbəkəsinin başqa bir marketlər şəbəkəsi ilə birləşdirilməsi barədə xəbərlər yayılmışdı. Onda da açıqlama verərək, bu xəbərlərin əsasının olmadığını bildirdik. Hazırda bizim bir neçə saytda reklamlarımız yayımlanır və icarəyə yerlər axtarırıq. Öz yerini bizə icarəyə vermək istəyənlər tərəfindən bizə 1200-dən müraciət daxil olub və onları dəyərləndiririk. Bir daha qeyd edirəm ki, "Bizim market"lər şəbəkəsinin alınması barədə məlumatların əsası yoxdur. Yeniavaz.com saytına da minnətdarlığımızı bildiririk ki, bu barədə məlumatı yaymadan öncə bizim mövqeyimizi öyrənməyə çalışıb".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top