Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs tutulub

Mingəçevirdə dələduzluq yolu ilə insanları aldadaraq onların külli miqdarda pulunu mənimsəyən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regionlar qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Mingəçevir şəhər sakini Elvin Hüseynov ötən ilin dekabr ayında Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edərək, həmyerlisi Rəşid İlyasov tərəfindən dələduzluq yolu ilə aldadılaraq 1730 manat pulunun mənimsənilməsi barədə məlumat verib. Şikayətçi ərizəsində pulu ondan işə düzəlmək üçün alındığını qeyd edib. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı dələduzluq etməkdə şübhəli bilinən Rəşid İlyasov saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi dələduzluq əməlini etiraf edib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top