Gürcüstandan Azərbaycana gətirilən avtomobillər kəskin ucuzlaşdı - RƏSMİ AÇIQLAMA

Bu ilin yanvar ayı ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 20,22 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk ayı ərzində Gürcüstandan Azərbaycana 9,34 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 3-cü ölkə olub. Cari ilin ilk ayında Gürcüstanın ümumi ixracının 9,1%-i Azərbaycanın payına düşüb.

Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (Yanvar ay ərzində 28,6 milyon dollar) və Türkiyə (28 milyon dollar) gəlir. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında növbəti yerlərdə ABŞ (15 milyon dollar), Rumıniya (14,7 milyon dollar), Fransa (13,2 milyon dollar) və Ermənistan (12,9 milyon dollar) gəlir.

Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 40,8%-i təşkil edib

Car ilin yanvar ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 7 milyon 399 min dollar dəyərində 402 ədəd avtomobili gətirilib. Gürcüstan Milli Statistika Xidmətinin yaydığı statistik məlumata istinadən apardığımız hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 6,2 dəfə və ya 337 ədəd artıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsaitin həcmi isə 3,7 dəfə və ya 5,4 milyon dollar artıb. Belə ki, 2017-ci ilin ilk ayında 65 avtomobil üçün 2 milyon 9,6 min dollar ödənilib. Bu isə o deməkdir ki, ötən ilin yanvarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 31 min dollar olduğu halda, bu ilin yanvarında 40,4% ucuzlaşaraq 18 min 400 dollar təşkil edib. Ümumiyyətlə Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 40,8%-i təşkil edib. Qeyd edək ki, Azərbaycan Gömrük Komitəsi bu ilin ilk ayı ərzində ölkəyə 986 ədəd avtomobil gətirildiyini bildirib.

Avtomobillərdən əlavə yanvar ayında Gürcüstandan Azərbaycana 2,5 milyon dollarlıq dərmanlar, 2,25 milyon dollarlıq tütün məhsulları, 1,18 milyon dollarlıq heyavan ixrac olunub.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 2-ci ölkədir

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk ayında Azərbaycandan 70,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 10,3% və 64,2 milyon dollar artıb. Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 2-ci ölkədir. Gürcüstan son bir ay ərzində Türkiyədən 83,9 milyon dollar məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Rusiya (65,4 milyon dollar), Çin (57,3 milyon dollar), Ukrayna (33,7 milyon dollar), Ermənistan (29,3 milyon dollar), Almaniya (25,8 milyon dollar) və ABŞ (20,1 milyon dollar) gəlir.

Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların sıralamasında isə ilk sırada neft məhsulları yer alır. Bu ilin ilk ayı ərzində Gürcüstan Azərbaycandan 44 milyon dollar dəyərində neft məhsulları idxal edib. Bundan başqa Azərbaycan yanvar ayında Gürcüstana 9,38 milyon dollar dəyərində elektrik enerjisi satıb.

Xarici ticarət dövriyyəsində 371,3 milyon dollarlıq mənfi saldo yaranıb

Məlumat üçün onu da qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 815,8 milyon dollar olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20,1% çoxdur. Bu dövürdə qonşu ölkədə ixracın həcmi 25,7% artaraq 222,2 milyon dollara, idxal isə 18,1% artaraq 593,6 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 371,3 milyon dollarlıq mənfi saldo yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə 45,5% artıb. Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 15,3%-i), ferroərintilər (12,3%) və minik avtomobilləri (7%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft, neft məhsulları və neft yağları (ümumi idxalın 17,8%-i), minik avtomobilləri (5%) və mis filizi və konsentratlarıdır (4,4%).

DİGƏR XƏBƏRLƏR

Top