ACG yatağında quyuların sayı artsa da neft hasilatı azalmaqda davam edir - CƏDVƏL

2017-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformalarından birlikdə 215 milyon barel (29 milyon ton) və ya gündə orta hesabla 588 min barel neft hasil edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə "BP-Azərbaycan" şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı illə müqayisədə gündəlik hasilat 6,6% və ya 42 min barel, ümumi hasilat isə 6,5% və ya 15 milyon barel azalıb. Gündəlik hasilat - "Çıraq" plantformasında 51 min, "Mərkəzi Azəri"də 137 min, "Qərbi Azəri"də 124 min, "Şərqi Azəri"də 82 min, "Dərinsulu Günəşli"də 117 min və "Qərbi Çıraq"da 77 min barel olub.

Ən böyük azalma "Qərbi Çıraq"da qeydə alınıb. 2016-cı ildə bu platformada gündəlik hasilat 120 min barel olub.

2017-ci il ərzində AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 15% və ya 15 ədəd, injektor quyularının sayı isə 10,2% və ya 5 ədəd artıb.

Rəqəmlərdən də göründüyü kimi, AÇG yatağında quyuların ümumi sayı 149-dan 169-a yüksəldiyi halda neft hasilatı 130 milyon bareldən 115 milyon barelə düşüb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top