Eşşəklərin sayı niyə gizlədilir? - Komitədən AÇIQLAMA

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 1 milyon 289 min 814 baş inək və çamış, 8 milyon 465 min 640 baş qoyun və keçi, 4 min 787 baş donuz olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda inək və çamışların sayı 0,7%, qoyun və keçilərin sayı 1,7% azalıb, donuzların sayı isə 8,6% artıb.

Maraqlı məqamlardan biri də odur ki, inək, çamış, qoyun, keçi və donuzların sayı açıqlandığı halda Dövlət Statistika Komitəsi ölkədəki atlar və eşşəklərin sayı ilə bağlı məlumatları 2017-ci ilin başa çatmasından 45 gündən çox vaxt ötməsinə baxmayaraq ictimaiyyətə açıqlamayıb. Atlar və eşşəklərin sayı ilə bağlı sonuncu məlumatlar 2016-cı ilə aiddir.

Qeyd edək ki, 2016-cı ilin statistik göstəriciləri açıqlanan zaman at və eşşəklərin sayında qeydə alınan azalma mətbuatda ciddi müzakirələrə səbəb olmuşdu.

Yeniavaz.com-un atlar və eşşəklərin sayının hansı səbəbdən açıqlanmadığı ilə bağlı sualına Statistika Komitəsindən verilən cavabda bildirilir ki, atlar və eşşəklərin sayı ilə bağlı məlumatların yer alacağı bülleten hazırlanma mərhələsindədir və bu məlumatları əldə eymək üçün Komitəyə müraciət etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top